Moldovada 2,3 min tibb işçisi koronavirusa yoluxub

Moldovada 2,3 min tibb işçisi koronavirusa yoluxub

Moldovada COVID-19 infeksiyasının yayılmağa başladığı mart ayından bu yana 2,3 min tibb işçisi koronavirusa yoluxub, 25-i isə həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Moldova Səhiyyə Nazirliyi məlumat yayıb.

"İndiyə qədər 2,3 min tibb işçisində koronavirus infeksiyası aşkarlanıb. Onlardan 581-i həkim, 915-i həkim assistenti, 27-si əczaçı, 117-si feldşer, 660-ı isə sanitardır. Həmçinin ölkədə 25 tibb işçisi COVID-19 infeksiyası səbəbindən vəfat edib", - deyə nazirliyin saytında bildirilir.

Moldovada iyulun 15-dək səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu müddətə qədər ölkədə kütləvi tədbirlər qadağan edilib, təhsil müəssisələrində məşğələlər dayandırılıb. Ölkə vətəndaşları ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxmalıdır.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:40-a olan məlumatına əsasən, dünyada 9 milyon 551 min 992 yoluxma və 485 min 433 ölüm faktı qeydə alınıb, 5 milyon 192 min 385 xəstə sağalıb.

Moldovada indiyə qədər yeni koronavirusa yoluxanların sayı 15 min nəfəri ötüb, 502 nəfər ölüb. Hazırda müalicə alan 5 min 977 xəstədən 455 nəfərin vəziyyəti ağır qiymətləndirilir.