Fateh İstanbula döndü...

Fateh İstanbula döndü...

İstanbul Böyükşəhər Bələdiyyəsi türk sultanı Fateh Mehmetin London Milli Qalereyasında (National Gallery) sərgilənən orijinal portretini 770 min funt sterlinqə alaraq Türkiyəyə gətirib.

Moderator.az xəbər verir ki, bu, Fateh Sultan Mehmetin sağlığında çəkilən üç portretindən biridir. İstanbul Bələdiyyəsinin sözçüləri gələcəkdə qalan portretlərin də Türkiyəyə gətirilməsi yönündə iş görəcəklərini açıqlayıblar.

İstanbul Bələdiyyəsinin London Milli Qalereyasından aldığı portret əsrlərdən bəri Avropanı dolaşıb. Bu portret Böyük Britaniya muzeyində ən qiymətli mədəni sərvətlərdən biri hesab edilib. Portreti italyan rəssam Gentile Bellini 1480-ci ildə çəkib. Əsərdə hökmdarın yanındakı kişinin şəxsiyyəti bəlli deyil. Bəzi tədqiqatçılar həmin cavanın Sultanın oğlanlarından biri olduğunu ehtimal edirlər. İngilis sənətşünaslar isə Sultan Mehmet Fatehlə portretdə təsvir edilən kişinin türk milli geyimində bir avropalı qonaq olduğunu düşünürlər.

Yağlı boya ilə işlənən bu qiymətli tarixi rəsm əsərinin eni 33,4 santimetr, uzunluğu 45,4 santimetrdir. Tablonun sağ küncündə latın dilində hökmdarın və müəllifin adı, eləcə də "25 Kasim 1480" tarixi həkk edilib.

1429-1507-ci illər arasında yaşadığı güman edilən İtaliya rəssamı Bellini 1480-ci ildə Fateh Sultan Mehmet tərəfindən qonaq kimi İstanbula dəvət olunub. Türk imperatorun tapşırığı ilə öncə rəssam öz bacarığını göstərmək üçün bir neçə saray əyanlarının rəsmlərini çəkib. Avropalı rəssamın əl işlərini bəyənən Fateh daha sonra rəssama onun portretini çəkməyə razılıq verib. Maraqlıdır ki, əsrlərdən keçib gələn bu tarixi sənət nümunəsi texniki baxımdan heç bir zərər çəkməyib.