“Psixoloji vəziyyətin bizi ruhi dispanserə aparmasını istəmiriksə...” – Aytən Ələkbərova

“Psixoloji vəziyyətin bizi ruhi dispanserə aparmasını istəmiriksə...” – Aytən Ələkbərova

Ötən gün Misirin paytaxtı Qahirədə bir kişi həyat yoldaşı virusa yoluxduğu üçün onu yaşadığı binanın beşinci mərtəbəsindən aşağı atıb. Xoşbəxtlikdən qadın sağ qalıb və əməliyyat edilib. Cinayəti törədən ər isə həbs olunub. O, ifadəsində bildirib ki, arvadından evi tərk etməsini tələb edib, rədd cavabı aldıqda isə bu hərəkəti edib.

Ümumiyyətlə, son zamanlar koronavirus ailədaxili münaqişələrin meydana gəlməsində əsaslı rol oynamağa başlayıb. Maraqlıdır, virusun doğurduğu psixoloji fəsadlar nələrdir?

Psixoloq Aytən Ələkbərova Yenisabah.az-a açıqlamasında bildirib ki, bu, birbaşa psixoloji tədqiqatlarda istifadə edilən bir neçə statistik üsuldan ibarətdir:

“Artıq burada təsviri statistika, statistik nəticə nəzəriyyəsi özünü göstərir. Tədqiqatların seçilmiş cəhətləri yoxlanılır və nəticələr birbaşa müəyyənləşir. Biz hər birimiz peşəmizdən asılı olmayaraq nəticələri görmək istəyirik. Bəs düzgün nəticə almaq üçün hansı tədiqatlardan alınmış məlumatlar orta göstərici ilə təyin edilməlidir? Psixoloji tədqiqatların təhlilində birbaşa alternativ dispersiya, analiz üsullarından istifadə olunmalıdır. Alternativ analiz üsulu ilə biz psixi hadisələrin əlamətini, xassəsini, keyfiyyətini, olub-olmamasını kəmiyyət baxımından tədqiq etməyə başlayırıq. Artıq bu zaman əlamətlərin kəmiyyət göstəriciləri alternativ təhlili ifadə edir. Bu yolla biz öyrənirik ki, koronavirusun fəsadları fərqli şəkildə hansı sahələrdə özünü göstərə biləcək, ilk olaraq nəyə təsir edəcək və s. Təbii ki, birbaşa olaraq insan beyninə təsir edəcək”.

Psixoloq qeyd edib ki, koronavirus yaranan zaman psixoloji immunitet zəifləməyə başlayır:

“Amma alternativ ananliz metodu göstərir ki, artıq bu zəifləməyə yox, sıfırlaşmaya doğru gedir. Təhlil zamanı quruluşun və nisbətin göstəricilərindən istifadə olunur. Çünki quruluş göstəricisi birbaşa riyazi statistik üsula bənzəyir. Yəni hissələrin münasibətini faizlə ifadə etməklə xarakterizə olunur. Bu zaman da artıq nisbət göstərici birbaşa insanın psixi halətini pozmağa doğru gətirir. Psixi halət pozulduğu zaman isə artıq insanın qanı qaralır. Yaşama eşqi azalır. Bununla insanın qidalanması azalır, qidalanma azaldıqca bədən immuniteti aşağı düşməyə başlayır, nəticədə insanlar artıq stress halında hər şeyə birbaşa nöqtə yox, nida qoyur. Qoyulan nidanın içərisində nə olur? İştahsızlığın, insanlarda ipoxondriyanın yaranması baş verir, yəni ölüm qorxusu ilə üz-üzə qalmağa başlayırlar. Kütlə bu qorxu ilə üz-üzə yoluna davam edir. Həmin zaman əlamətlə qarşılıqlı əlaqənin vahid bir prinsipini təmin edən funksional asılılıq yaranır, onun içərisində isə çoxmənalılıq prinsipi mövcud olur. Bu zaman ixtiyari yadda saxlama baş verir. Artıq virusun varlığı ixtiyari olaraq beyinlərinə yerləşir. Bu, yaşdan, iradədən asılı olmayaraq hər kəsə şamil oluna bilir. Psixosematik olaraq boğulmalar başlayır. Həm psixoloji, həm də bədən immuniteti aşağı düşdüyü zaman bütün xəstəliklərin üzünə qapılar açılır. Buna görə də biz insanlardan mütləq şəkildə qaydalara əməl etməyini istəyirik. Biz bunu etsək, asanlıqla sözügedən xəstəlikdən özümüzü qoruya biləcəyik. Gözləməmliyik ki, dövlət gəlib bizi qoruyacaq. Çox qəribə haldır ki, hər kəs gözləyir ki, dövlət gəlib nəsə edəcək. Sən özün maskanı tax, bacardığın qədər hər kəsdən uzaq ol, qorunacaqsan. Bu gün biz valideynlərimizi görə bilmirik. Mənim 70-71 yaşlı ata-anam var. Onlar mənə deyir ki, özünü qoru, birdən yoluxarsan, çünki həkim ailəsiyik, virusun nə olduğunu bilirik. Övladlarınız bayırdan gələn zaman dərhal vanna otağına keçməlidir. Ondan sonra onları əzizləyin. Mən əvvəl öz balamı 10 dəfə öpüb əzizləyirdimsə, indi bir dəfə etməyə çalışıram ki, birdən nəsə olar ona ötürməyim. İnsan öz doğmasını qorumalıdır ki, sabah dövlət də qoruya bilsin. Kimsə başımızın üstündə niyə dayanmalıdır ki? Bu psixoloji vəziyyətin bizi ruhi dispanserə aparmaması üçün özümüzü qorumalıyıq. Virusa qalib gəlmək üçün iradəmizi zəiflədib intihara doğru aparmamalıyıq, şayiələrə inanmamalıyıq”.

Sayad HƏSƏNLİ