Əfqan qız valideynlərini öldürən “Taliban”çıları güllələdi

Əfqan qız valideynlərini öldürən “Taliban”çıları güllələdi

Əfqanıstanda azyaşlı bir qız valideynlərini qətlə yetirən iki Taliban terrorçusunu güllələyərək öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "France-Presse" agentliyinə yerli polis orqanından məlumat verilib.

Hadisə Əfqanıstanın Qor vilayətindəki bir kənddə baş verib. Taliban döyüşçüləri təxminən 14 yaşında olan Kamar Gül adlı bir qızın evinə daxil olaraq rəsmi hökumətə dəstək verdiyi üçün onun atasını axtarıb. Silahlılar qızın atasını evdən çıxardaraq qətlə yetirib. Ərini qorumağa çalışan qızın anası da terrorçular tərəfindən öldürülüb.

"Evdə olan Kamar Gül ailəsinə məxsus AK-47 hücum avtomatını götürərək əvvəlcə valideynlərini öldürən iki Taliban terrorçusunu öldürüb, daha sonra daha bir neçə digər silahlıları da yaralayıb",- yerli polis rəisi Həbiburəhman Malikzadə məlumat verib.

Vilayət qubernatorunun nümayəndəsi bildirib ki, hazırda Əfqan hərbi qüvvələri Gülü və kiçik qardaşını "daha təhlükəsiz yerə" aparıb.