TANAP-la indiyədək 7,1 mlrd kubmetr qaz nəql edilib

TANAP-la indiyədək 7,1 mlrd kubmetr qaz nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3% çox, yəni 7,9 mlrd kubmetr qaz ixrac edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 3,2 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,1 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.