Sumqayıt Teatrından Qəhrəman Əsgərlərimizə mənəvi dəstək-VİDEO

Sumqayıt Teatrından  Qəhrəman Əsgərlərimizə mənəvi dəstək-VİDEO

Sumqayıt Dövlət Dram Teatrı kollektivindən Qəhrəman Əsgərlərimizə mənəvi dəstək

Open.az Teatrın mətbuat xidmətinin müraciətini təqdim edir:

Sentyabrın 27-dən bu günə həyacan, sevinc və qürur dolu anlar yaşayırıq. Ermənilərin təxribatına cavab olaraq Sizin- Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı özünün uğurları, sarsılmaz qələbələri ilə könlümüzü oxşayır, müstəqillik uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu təsginlik tapır.

Azərbaycan Prezidenti Ali Baş Komandanın hər dəfə xalqa müraciəti birinci növbədə yeni bir məkanın, əzəli torpağımızın əsarətdən qurtarmasına müjdədir. İkincisi, əziz qəhrəmanlarımız, sizin əks-hücum əməliyyatınızın beynəlxalq hüquq müstəvisində və humanizm qanunları çərçivəsində gerçəkləşməsi, haqq işinin olması barədə dünyaya mesajdır. Üçüncüsü, dövlət başçısı ilə xalqın sarsılmaz birliyinin, heç bir siyasi qasırğanın, tufanın təsir edə bilmədiyi uca və ulu bir səsin rəmzidir. Və Ali Baş Komandanın bütün çıxışları, ingiliscə, rusca, türk dilində televiziyalara verdiyi müsahibələr, dəmir məntiqi, rəvan nitqi, mükəmməl analitikası, bəzən qəzəbli suallara yüngül sarkazmla çevik reaksiyası qəlbimizi fərəh hissi ilə doldurur. Bəli, Ali Baş Komandan öz qətiyyətini, taktiki-manevr qabiliyyətini və Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan etdi. Tarixi abidələr və təbii sərvətlərlə zəngin, babalarımızın ruhunu yaşadan torpaqlarımız bir-bir düşməndən təmizlənir.

Az qalıb, lap az. Beynəlxalq Musiqi Festivallarınını, Beynəlxalq Muğam müsabiqəsinin Şuşada, turizm seminarlarının Kəlbəcərdə, Zəngilanda, film çəkilişlərinin Laçında, Qubadlıda gerçəkləşəcəyi günə az qalıb. Burda bir nüansı da xatırlatmaq istərdik. Bu müharibə həm də döyüşkən ruhumuzu oyatdı. Vətən ucalığının fəlsəfi mahiyyətini anlatdı. Ali Baş Komandan xalq monolitini isbatladı. Bütün evlərdə, müəssisələrdə, küçələrdə azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Kiçikdən-böyüyə hər kəs “Can Azərbaycan – canım sənə fəda” deyə hayqırır, “Yaşa, Ali Baş Komandan, xalq Sizinlədir”, deyir. Bu tarixi məqamı bizə bəxş etdiyiniz üçün teatr işçiləri adından Möhtərəm Prezident, Sizə və Şanlı Ordumuza minnətdarlığımızı bildirirık. Biz də Sumqayıt Dövlət Dram Teatrının rəhbər və işçi heyəti olaraq qələbəyə doğru aparan yolda hər zaman yanınızdayıq. Ön cəbhədəki ərənlərimiz, cəsurluğunuzla düşmənə ağır zərbələr endirsiniz, biz də Sumqayıt Dövlət Dram Teatrı olaraq öz növbəmizdə Siz,qəhrəman əsgərlərimizi ruhlandıran videoçarx təqdim etməklə böyük qayıdışa töhfəmizi vermək istəyirik.