Qırmızı Xaç Dilqəm və Şahbaza Bakıdan məktub aparacaq:"Təhlükəsizlikləri təmin olunur"

Qırmızı Xaç Dilqəm və Şahbaza Bakıdan məktub aparacaq:"Təhlükəsizlikləri təmin olunur"

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri girovlara növbəti dəfə baş çəkəcək. Bu barədə Cebhe.info-ya açıqlamasında 6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, 3 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi onunla əlaqə saxlayıb və atasına məktub yazmasını istəyib:

“Oktyabrın 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənimlə əlaqə saxlayaraq bildirdilər ki, yaxın zamanlarda atamla görüşləri gözlənilir və məktub yazım. Qurumun Bakı Ofisinə yaxımlaşdım və məktub yazdım. Məktubdan əlavə qurum əməkdaşları ilə atam barədə bəzi müzakirələr apardıq. Onların bildirdiyinə görə, atam Dilqəm Əsgərov və digər girov Şahbaz Quliyevin təhlükəsizliyinin təmin olunması Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilir.

Yəni atamın həyatına ciddi təhlükə yoxdur. Bildirdilər ki, görüş olduqdan sonra son durumla bağlı dərhal bizə məlumat verəcəklər. Öz növbəsində mən də ailəmiz adından Beynəlxalq Qızıl Xaç Komitəsinə indiki ağır bir şəraitdə ciddi rejimdə çalışdıqlarına və atamın təhlükəsizliyini təmin etdiklərinə görə təşəkkürümü bildirdim”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Alçina Amilqızı

Cebhe.info



Bizim Telegram səhifəmizi izləyin