Azərbaycan xurmaları MDB məkanından üçüncü ölkələrə ixrac edilir

Azərbaycan xurmaları MDB məkanından üçüncü ölkələrə ixrac edilir

“Hazırda Qərb bölgəsindəbağsahələrindən xurma yığımı prosesi davam edir, məhsuldarlıq yüksək səviyyədədir”.

Bunu “Report”a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib.

Bununla yanaşı, Q.Yusifovun sözlərinə görə, hazırda Bərdədə, Goranboyda, Tərtərdə, Gəncədə təsərrüfatçılar ərazilərindən xurmalarını yığa bilmirlər: “Səbəb isə Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasıdır. Çünki Ermənistan mülki əhalini hədəfə alır və bu əraziləri hədəf tutur. Həmin bölgələrdə məhsuldarlıq göstəricisi yüksək olur. Sözügedən bölgələr ümumi məhsuldarlığın 30%-ni təşkil edib”.

Q.Yusifov qeyd edib ki, bu il ötən illə müqayisədə xurma istehsalında artım var: “Bu il istehsal edilmiş xurmaların keyfiyyət göstəriciləri də yüksəkdir. Həmçinin, sentyabrdan xurma ixracı başlayıb. Rusiya, Ukrayna, Belarusa xurma ixrac edirik. Hələlik, satış qiymətləri bizi qane edir və satış həcmləridə yüksəkdir. Aldığımız məlumata görə, adıçəkilən ölkələrdən Azərbaycan istehsalı xurmalar Avropaya satılır. Ümumiyyətlə, fermerlər son illər xurma istehsalında və keyfiyyətində yüksək göstərici əldə edirlər. İstehsalımız olan xurmaların 90%-i ixraca yararlıdır və xaricdə də bu məhsulumuza böyük təlabat var”.

O əlavə edib ki, Azərbaycan istehsalı olan quru xurmalar Avropaya, ərəb ölkələrinə ixrac edilir: “Xatırladım ki, Balakən və Göyçayda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə müəssisələrimiz fəaliyyət göstərir. Biz ixrac göstəricilərimizi artırmaq qabiliyyətindəyik”.

Qeyd edək ki, 2020-ci ilin ilk 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azalaraq 20 087,78 ton xurma ixrac edilib.