Sanksiya təhdidindən terror təhdidinə: "Azərbaycana dəstək olan Türkiyə geri çəkilməyəcək"

Sanksiya təhdidindən terror təhdidinə: "Azərbaycana dəstək olan Türkiyə geri çəkilməyəcək"

Qardaş Türkiyə öz müstəqil siyasətini yürütdükcə, Azərbaycanın yanında olduqca, bu, əksər qüvvələri ciddi narahat edir.

Ona görə narahat edir ki, Cənubi Qafqazda Türkiyənin aktivləşməsi, özünü buranın daimi ağaları hesab edənlərə qarşı dirənişi artırır. Öncə Türkiyənin Cənubi Qafqazda söz sahibliyini qəbul edə bilməyən Rusiya Qarabağla bağlı danışıqlar masasında Türkiyəni qəti şəkildə görmək istəməsə də, indi məsələnin həllində ondan yardım istəyir. Başda Fransa olmaqla bəzi Qərb dövlətləri, qardaş Türkiyəni Azərbaycanın yanında olduğu üçün sanksiyalarla hədələyir.

Bunun işə yaramadığını gördükdə isə ən düşmən qüvvlər ən pis varianta- Türkiyədə yanğınlar, partlayışlara əl atırlar. Bir neçə gün öncə Türkiyədə böyük yanğından sonra 26 oktyabrda partlayış törədildi.

Siyasi təhlilçi Anar Əsədli Cebhe.info-ya açıqlamasında Azərbaycana və onun mütəfiqlərinə ola biləcək təzyiqlərdən danışıb:

“Bu gün İkinci Qarabağ Savaşının bir ayı tamam olur. Ordumuz irəlilədikcə, torpaqlarımızı azad etdikcə, təkcə Azərbaycanın deyil, Qafqazın gələcəyi ilə bağlı yeni bir dizaynın təməlləri atılır. Qafqazda yeni bir dialaoqun, barışın hakim olması Azərbaycan ordusunun zəfərlərindən asılı olacaq. Azərbaycanın bu mübarizəsini dəstəkləyən qardaş Türkiyənin də mövqeyi açıq və aydındır. Xüsusən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 oktyabrda Malatyadakı çıxışı diqqəti cəlb edir. O, üzünü Amerikaya və Qərb dövlətlərinə tutaraq qeyd etdi ki, Azərbaycanın yanında olduğumuz üçün bizi sanksiya ilə təhdid edirsiniz, əlinizdən gələni edin. Onlar da sanksiya təhdidlərindən terror təhdidlərinə keçirlər. Təbii ki, terrora dəstək verən həmin qüvvələrin Türkiyədə, Azərbaycanda və bizim müttəfiqimiz olan digər dövlətlərdə kiçik terror hadisələri törədəcəyi istisna edilmir. Amma bu, heç nəyi dəyişməyəcək. Türkiyə Hataydakı terrorun öhtəsindən də uğurla gəldi. İnsan tələfatı olmadı və məsələ yerində çözüldü. Bu təxribatların böyük ölçüdə olacağını da düşünmürəm. Azərbaycanın müharibədəki uğurları artdıqca, ermənilər və onun havadarları bu kimi kiçik təhdid mexanizmlərindən istifadə edəcək. Ermənistanın özü terrorçu ölkədir. Onun yaratdığı “ASALA” terror təşkilatı da bunun sübutudur. Hataydakı partlayış bir daha sübut etdi ki, bunlar durmayacaqlar. Lakin Türkiyə hazırlıqlıdır və Azərbaycan da bu məsələdə daim qardaşının yanındadır. Düşünürəm ki, bu təxribatlar geniş xarakter almayacaq”.

Ekspert hesab edir ki, Ermənistan xaricdəki lobbisi vasitəsi ilə Qərb dövlətlərinə təsir göstərməyə çalışacaq:

"Həmin dövlətlərin Türkiyəyə və Azərbaycanın digər müttəfiqlərinə təzyiqi artırmasına nail olmaq istəyəcək. Ermənistan monoetnik dövlətdir. Bu kimi dövlətlərin xarici ölkələrdəki diasporları çox güclü olur. Təbii ki, bu diasporlar vasitəsi ilə mövcud olduqları dövlətlərin siyasətinə təsir etməyə çalışacaqlar. Məsələn, noyabrda Amerikada keçiriləcək prezident seçkiləri kimi. Çünki Kaliforniya ştatında güclü erməni diasporu var. Amma bunların ciddi siyasi böhran yaradacağı qənaətində deyiləm. Ona görə də həmin dövlətlərə ciddi təsir edə bilməyəcəklər. Amma təbii ki, boş da durmayacaqlar. Çünki onların “Böyük Ermənistan” xülyaları fiaskoya doğru gedir. Buna görə də xarici ölkələri məcbur etməyə çalışacaqlar ki, Türkiyəyə, Azərbaycana sanksiya tətbiq etsin və ya ermənilərin xeyrinə hansısa addımlar atsın. Amma nə qədər təzyiqlərlə üzləşsək də, əsas məsələ Azərbaycan ordusunun sahədəki qələbəsidir. Biz hər gün bu qələbəni təmin etdikcə güclənəcəyik və haqlı savaşımızda bizə dəstək verən Türkiyənin, Pakistanın, Əfqanıstanın, Ukraynanın, İsrailin hər zaman yanında olub, onlarla bərabər addım atacağıq. Bu, həm də onu göstərir ki, müharibədən sonra yeni siyasi münasibətlər formalaşacaq. Biz yeni münasibətlərin və siyasi təşkilatların yaranmasının şahidi olacağıq. Azərbaycan bu müharibədə qalib gələcək və gücü ikiqat artacaq”.

Əli Bədir
Cebhe.info



Bizim Telegram səhifəmizi izləyin