Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb

Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb

Bakı. Elçin Mehdiyev – Trend:

Şuşa bizim tariximizdir, mədəni irsimizdir. Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də simvol kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisə idi. Həmin gün bu ölkədə hamı sevincdən ağladı, hamı bayram elədi, hamı həyatının ən xoşbəxt günlərindən birini yaşadı. İndi isə artıq qayıdış vaxtıdır və həmin qayıdışın önündə də cənab Prezident İlham Əliyev gedir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, möhtərəm Prezidentin müqəddəs Şuşaya səfəri reallaşdı: “Cənab İlham Əliyev qalib Baş Komandan kimi “İsa Bulağı”nı, “Şuşa” məscidini və digər tarixi məbədləri, məkanları ziyarət etdi, orada möhtəşəm bir nitq söylədi. Dövlət başçısının hər kəlməsində, hər cümləsində, hər abzasında qətiyyət vardı, sərrast mövqe vardı, növbəti ismarıclar vardı. Cənab Prezident İlham Əliyev çox haqlı olaraq qeyd etdi ki, bundan sonra biz Şuşanı göz bəbəyimiz kimi qorumağa borcluyuq. Bəli. Borcluyuq. Qorumalıyıq. Şuşa bundan sonra əbədiyyən bizimdir. Şuşanı Azərbaycanın qəhrəman oğulları işğaldan azad edib. Şuşanın işğaldan azad olunma əməliyyatı tarxi bir əməliyyatdır. Şuşanın işğaldan azad olunduğu gün Zəfər günümüzdür. Bizi o Zəfərə çatdıran, aparan isə Ali Baş Komandanımız və müzəffər ordumuzdur.

Deputat bildirib ki, möhtərəm Prezidentimiz işğaldan azad olunmuş bölgələrə ilk səfəri məhz özü edir, əzəli torpaqlarımızın, qədim məmləkətimizin yenidən qurulması ilə bağlı tapşırıqlarını verir, təməlqoyma tədbirlərinə qatılır, strategiya müəyyənləşdirir, gələcək planların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparır: "Şuşada da həmin tapşırıqlar verildi. Şuşanın dirçəlməsi üçün növbəti addımlar atıldı. Bir ildən, iki ildən, beş ildən sonra Şuşa tam başqa Şuşa olacaq. Şuşa yenidən gözəlləşəcək. Çünki artıq Şuşa terrorçunun, vandalın, işğalçının əlində deyil. Çünki artıq Şuşa ilə bağlı qərarları inkişaf etmiş Azərbaycan və onun qətiyyətli lideri İlham Əliyev verir. Ona görə Şuşa dəyişəcək, dirçələcək, qüdrətlənəcək, gözəlləşəcək”.

Deputat qeyd edib ki, həqiqətən qürurverici bir mənzərədir: “Biz qalibik. Böyük həsrətə son qoyulub. Artıq Dağlıq Qarabağ problemi anlayışı yoxdur. Uzun illər boyunca köçkün həyatı yaşamış vətəndaşlarımız, bacı-qardaşlarımız çox yaxın zamanlarda öz yurdlarına qayıdacaqlar. Proses başlayıb. Bu istiqamətdə ilk addımlar atılır. Tərtərdən Suqovuşana gedəcək yolun istifadəsinə çox az qalıb, həmin Suqovuşanda yeni su, elektrik mexanizmi yaradılır, Şuşaya yeni yol çəkilir, işğaldan azad olunmuş bütün torpaqlarımızda yeni infrastruktur formalaşır, Dağlıq Qarabağda dövlət qurumlarının yeni-yeni şöbələri təsis olunur. Əlqərəz, xoş xəbərlər bir-birinin ardıncadır. Çox sevinirik və biz bu xəbərlərdən dolayı həqiqətən çox xoşbəxtik.

Cənab Prezident Şuşa işğaldan azad olunduğu gün müqəddəs Şəhidlər Xiyabanından xalqa etdiyi müraciətində bildirmişdi ki, “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”

Dirçəlir artıq, Şuşa! Cənab Prezident verdiyi hər sözün arxasında durduğu kimi bu sözünə və vədinə də sadiqdir. Bəli, bütün nəzərlər, bütün arzular, bütün diqqət hazırda Şuşa və Dağlıq Qarabağ üzərindədir. İlham Əliyev o müqəddəs torpaqlara ayaq basır, İlham Əliyev o müqəddəs torpaqlardan mesajlarını verir, İlham Əliyev o müqəddəs torpalarda qalib Ali Baş Komandan kimi çıxışlar və müraciətlər edir. Şükür bu günə. Şükür Azərbaycanımızın bu sevincinə. Tanrı İlham Əliyevi və müzəffər ordumuzu qorusun. Tanrı qəhrəman şəhidlərimizə qəni-qəni rəhmət eləsin”.