İspaniyada koronavirusa yoluxmanın sutkalıq sayında antirekord müəyyən edilib

İspaniyada koronavirusa yoluxmanın sutkalıq sayında antirekord müəyyən edilib

İspaniyada bir gün ərzində 40 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Milad və Yeni il bayramlarından sonra ölkədə vəziyyət gərginləşib. Yoluxmaların sayında artım virusun İspaniyada yüksək dərəcədə dövr etməsini göstərir.

Yanvarın 15-də İspaniyada 19.657 pasiyent koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib ki, bu da bir həftə əvvəlki ilə müqayisədə 5 min nəfər çoxdur. İntensiv müalicə şöbələrində 2.953 pasiyentin vəziyyəti kritikdir. Bu da 7 gün bundan əvvəlki ilə müqayisədə 635 nəfər çoxdur. Hər iki halda rəqəmlər ikinci dalğanın piki hesab edilən və gələn bazar ertəsi yaxud çərşənbə axşamı artacağı gözlənilən maksimuma yaxınlaşır.

Koronavirus səbəbindən səhiyyə sisteminə təzyiq Valensiya (intensiv müalicə yerlərinin 48 faizi koronaviruslu pasiyentlərlə məşğul edilib), Kataloniya (42 faiz) və Kastiliya-La-Mança (36 faiz) kimi bölgələrdə kritik vəziyyət yaranmasına gətirib çıxarır.

Barselonada yerləşən Qlobal Sağlamlıq İnstitutunun proqnozlarında gələcəyin heç də ürəkaçan olmadığı bildirilir. Çünki bu, üçüncü dalğadır və ikinci dalğadan fərqli olaraq, intensiv müalicə şöbələrində həddən artıq yüklənmə ilə başlayıb. Xəstəliyə belə yüksək yoluxmanın qarşıdakı bir neçə gün ərzində daha da artacağı gözlənilir.

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 2.252.164 nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 53.314 nəfərə bərabərdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid