İdarəetmə Sistemləri İnstitutunda nitqin tanınması sistemləri işlənilib

İdarəetmə Sistemləri İnstitutunda nitqin tanınması sistemləri işlənilib

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri süni intellektin əsas elementlərindən biri olan nitqin tanınması (insan nitqinin mətnə çevrilməsi və emalı) sistemlərinin yaradılması sahəsində aparılan tədqiqat işləri nəticəsində rəqabətədavamlı, tətbiqi sistemlərin yaradılmasına nail olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işləri və nəticələrin kommersiyalaşdırılması elmi müəssisədə özəl şirkətin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Rəhbəri dosent Əbülfət Fətullayev, elmi konsultantı isə akademik Əli Abbasov olan bu tədqiqat işi nəticələrinə əsasən bir sıra Avropa dilləri və Azərbaycan dili üçün maşın öyrənməsi və dərin öyrənmə (Machine Learning, Deep learning) metodları vasitəsilə nitqin tanınması sistemlərinin (NTS) neyron şəbəkə modelləri və alqoritmləri işlənib hazırlanıb. NTS normal işini təmin etmək üçün akustik, linqvisitik və digər informasiya bazalarının yaradılması və emalı istiqamətində Böyük Verilənlər (Big Data) və paylanmış hesablama texnologiyalarından geniş istifadə edilib. Qeyd etmək lazımdır ki, informasiya bazaları tamamilə avtomatlaşdırılmış qaydada, terabaytlarla informasiyanın internet resurslarından istifadə edilməsi ilə avtomatik seçilərək yaradılıb.

Tədqiqat işi nəticəsində alınmış neyron şəbəkə modellərinin böyük sayda parametrlərdən ibarət olmasına baxmayaraq, modellərin istifadəsi zamanı alimlər paralel alqoritmlər, matris dekompozisiyası və digər üsullar vasitəsilə hesablamaların kifayət qədər yüksək sürətlə aparılmasını təmin etmişdilər. Sistemin ingilis, alman, türk və Azərbaycan dilləri variantları yaradılıb və internet üzərindən istifadəyə verilib.