Seçkilərə qədər heç nə dəyişməyəcək

Seçkilərə qədər heç nə dəyişməyəcək

"Ermənistanda vəziyyət hələ ki “dovşana qaç, tazıya tut” mərhələsindədir"
Ermənistanda Baş nazir Nikol Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatdan sonra başlayıb. Müharibədəki kapitulyasiya aktına etiraz edən müxalifət fəalları bu günə qədər bir neçə etiraz aksiyası, yürüş keçiriblər. Mitinqlər zamanı baş verən qarşıdurmalarda onlarla insan xəsarət alıb, habelə xeyli sayda etirazçı saxlanılıb. Noyabrın 10-dan sonra formalaşan müxalifətin irəli sürdüyü tələblər, çıxışlarında tənqid edilən mövzular dəyişməyib. Fevralın 20-də keçirilən mitinq onların tərkibinin dəyişmədiyini bir daha təsdiqlədi.
Məsələ ondadır ki, “Çiçəklənən Ermənistan” parlament partiyası da daxil olmaqla 15-dən çox siyasi təşkilatın daxil olduğu “Vətəni Qurtarmaq” Hərəkatı Paşinyanın istefasını və Vazgen Manukyanın müvəqqəti baş nazir seçildiyi keçid hökumət qurulmasını istəyirlər. Müxaliflər Paşinyan və ya onun siyasi komandası tərəfindən təşkil ediləcək erkən seçkiləri qəbul etmirlər. Çünki seçkilərin saxtalaşdırılacağını iddia edirlər. Yəni Ermənistanda ictimai-siyasi gərginlik və qeyri-müəyyənlik davam edir və vəziyyətin nə zaman düzələcəyi də bilinmir.
Ermənistandakı vəziyyəti şərh edən politoloq Sədrəddin Soltan vurğulayıb ki, hökumət partiyası müxalifəti dialoqa çağırır. Növbədənkənar seçkilərin keçiriləcəyini də istisna etmir. Ancaq müxalifət meydanlarda hökumətin istefasına nail olduqdan sonra seçkilər keçirməklə hakimiyyəti ələ almaq niyyətindədir:
“Paşinyan və tərəfdarları iddia edirlər ki, hökumət seçkilər yolu ilə formalaşıb. Xalqın iradəsi ilə hakimiyyətdən gedəcəklərini bildirirlər. Müxalifətin israrlı istefa tələbi həm də hökumətlə cinayət işləri ilə bağlı bazarlıq predmeti ola bilər. Yəni Paşinyan hökuməti Koçaryan, Sarkisyan və müxalifətdə olan başqalarına qarşı cinayət işlərinin istintaqını dayandırır, onlar da “müxalifətçilikdən” əl çəkirlər. Ancaq hələlik Paşinyan hökumətinin hüquq-mühafizə orqanları istintaqı davam etdirir. Hökumətlə anlaşa bilməyən müxalifət liderləri və onların təbliğat maşını koçaryanların, sarkisyanların və başqalarının tutulmalarının “Azərbaycanın xeyrinə olduğunu” bildirirlər. Bəli, onlar Azərbaycan vətəndaşlarına qarşı cinayət işlədiblər. Azərbaycan tərəfi onların beynəlxalq məhkəmədə mühakimə olunmasını istəyir. Ancaq bu müxalifətçilərin əlləri ermənilərin də qanına batıb. Azərbaycan məsələsini qabartmaqla onların ermənilərə qarşı etdiklərini unutdurmağa çalışırlar”.
Analitik düşünür ki, Ermənistanda seçkilərin keçirilməsi daha məntiqlidir. Onun sözlərinə görə, mövcud hökumətin reytinqi həmin siyasi kampaniya ilə müəyyənləşə bilər:
“Bu həm də Ermənistandakı hakimiyyətin sponsorları üçün də lazımdır. Ona görə də müxalifət sayılan koçaryanların patronları bir yandan Paşinyana təzyiqlər edir, hökuməti istefaya yollamaqla öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar. Digər yandan mövcud hökumətlə regional əməkdaşlığı inkişaf etdirməyə çalışırlar. Başqa bir tərəfdən isə Nikol Paşinyan qərbmeyilli kimi təqdim edilməklə Rusiya qıcıqlandırılır. Seçkilər keçirilməyənədək ölkədə vəziyyətin durulacağını zənn etmirəm.
Bu baxımdan Ermənistanda vəziyyət hələ ki “dovşana qaç, tazıya tut” mərhələsindədir”.