“Cəmilə, gicsən?” – Azərbaycansayağı dublyaj... 

“Cəmilə, gicsən?” – Azərbaycansayağı dublyaj... 

3-4 gün əvvəl Türkiyədə “Bexnəlxalq Jurnalistika” üzrə təhsil alan dostum qısa bir video göndərmişdi. Görüntüdə Halit Ziya Uşaklıgilin eyni adlı romanı əsasında lentə alınan “Aşk-ı Memnu” serialından kiçik bir hissə öz əksini tapırdı.

Əsərin əsas personajı olan Bihter xadiməyə, “Cəmilə, gicsən?”,-deyə qəzəblənirdi. Bildiyiniz kimi, serial 2021-ci ilin ilk günlərindən hər zaman yenilikləri, keyfiyyətli film və serial seçimi ilə göz oxşayan Space TV-nin efirində dublyaj şəklində yayımlanır. Təbii olaraq, dostum məni güldürmək üçün bunu göndərmişdi.

Amma işin reallığı odur ki, TV-lərimizin mövcud vəziyyəti komik yox, tragikomikdir. Çünki “Aşk-ı Memnu” hələ 2008-2010-cu illər arasında Türkiyə televiziyasında yayımlanıb. Bizim telekanalların uzun illər davam edən səriştəsizliyi səbəbilə də ölkənin “məmə yeyənindən pəpə deyəninə” qədər 70 faizə yaxın əhali elə həmin dövrdə serialı nəinki izləyib, hətta beyninə böyük hərflərlə həkk edib. Məhz buna görədir ki, tez-tez uyğun situasiyalarda serialdakı replikalara geniş yer verilir.

Təəssüf doğuran isə elə odur ki, biz türk və hind serial və filmlərinin dublyajından o tərəfə keçə bilmirik. Əcnəbi seriala icazə verilən kimi kanal rəhbərlərinin ağlına bu iki ölkənin film/serial sənayesi gəlir. Onların keyfiyyətsiz alınması isə vəziyyəti daha da arzuolunmazlaşdırır.

Yaxşı, kimdir müqəssir?

Bilməyənlər üçün qeyd edək ki, 2012-ci ildə Azərbaycanda yerli serialların çəkilməsinə xüsusi diqqət yönəltmək üçün əcnəbi serialların televiziyalarda yayımına qadağa qoyuldu. Yerli teleserialların çəkilməsi üçün isə təkcə ötən il Azərbaycan Milli Televiziya və Radio Şurasına 3 milyon manat pul ayrıldı. Göründüyü üzrə, ortada elə güclü bir məbləğ yoxdur.

Ona görə də biz barmaqla sayılacaq qədər belə keyfiyyətli Azərbaycan serialı görə bilmədik. Nəticədə 2020-ci ildə əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul edildi. Bu qərarla da bir olan dərdimiz təzədən ikiləşdi.

Çünki bu sahədə də illər keçsə də, heç bir irəliləyiş görmədik. Səbəb isə bu sektorda fəaliyyət göstərən şəxslərin ya fərqli peşə sahibləri olması, ya da istedad baxımından uyğunsuzluq yaşamalarıdır. Onların üz tutduğu yol-mətnin hərfi tərcüməsi isə əlbəttə ki, ortaya səmimiyyətdən uzaq, göz yoran, qulaq ağrıdan serial çıxaracaq. Axı yaxşı dublyaj, yaxşı film, yaxşı serial həm də yaxşı maliyyə tələb edir. Bizdə isə bu çatışmır, nəticədə özünü doğruldan kadr problemi yaşanır.

Azərbaycanda aktyor, aktrisaların bir çoxu səhnədən küsüb, çünki layiqli dəyəri görmürlər. Hamımız yaxşı bilirik ki, pul insanı motivasiya edən başlıca vasitələrdəndir. Əgər insan maddi sıxıntılarla üzləşirsə, artıq ailə-məişət problemləri onun peşəsinə olan sevgisini üstələyir. Bu səbəbdəndir ki, hər yoldan ötən, bloqqer olan, iki gün əvvəl etdiyi duzsuz zarafatları videoya çəkib özünü müzakirə obyektinə çevirməyi bacaran şəxslər bu gün “aktyor”, “aktrisa” adı altında səhnəyə yol tapıblar.

Belə olan halda bizim “Game of Thrones” dublyajını gözləməyimiz, yaxud “Dark” səviyyəsində bir serialın səhnələşdirilməsini xəyal etməyimiz isə heç bir məna kəsb etmir.

Sayad HƏSƏNLİ