ATU Tədris Cərrahiyyə Klinikası və Heidelberg Universitetinin əməkdaşları seminar keçiriblər - - FOTO

ATU Tədris Cərrahiyyə Klinikası və Heidelberg Universitetinin əməkdaşları seminar keçiriblər - - FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası ilə Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının əməkdaşlarının birgə iştirakı ilə növbəti seminar təşkil olunub.

Onlayn formatda keçirilən tədbir kolorektal cərrahiyyədə müasir yanaşmaların müzakirəsinə həsr olunub. Toplantıda bağırsaq xərçəngi ilə bağlı cərrahiyyənin yeni metodları, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, bu sahədəki tibbin son yenilikləri haqqında müzakirələr aparılıb. ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri Elçin Ağayev və kafedranın əməkdaşı Elman Əzimov kolorektal cərrahiyyədə azərbaycanlı həkimlərin təcrübəsi haqqında çıxış ediblər. Hər iki tərəfdən iştirak edən mütəxəssislər kolorektal xəstəliklərin müalicəsində yeni yanaşmalar barədə fikirlərini açıqlayıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Tibb Universiteti və Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikaları arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub. Bu sənəd hər iki klinikanın əməkdaşları arasında müxtəlif formatlı əməkdaşlığı nəzərdə tutur. Gələcəkdə ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının təmsilçilərinin birgə iştirakı ilə bu cür müzakirələr davam etdiriləcək.