Azərbaycanda uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi” keçiriləcək?

Azərbaycanda uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi” keçiriləcək?

"Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".

A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".