Kənd təsərrüfatı malları nə üçün bahalaşır?

Kənd təsərrüfatı malları nə üçün bahalaşır?

Ölkəyə məhsul idxal edən sahibkarlar həmin məmurlarla gəlirinin bir hissəsini bölüşməli olurlar”. Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son aylarda ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin kəskin artmasından danışarkən deyib. Ekspert bunu monopoliya ilə əlaqələndirib: "İstəsək də, istəməsək də, bazaar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının öz qanunları var. Təklif azalırsa, qiymət artır. Təklif artırsa, qiymət enir. Bu, bazar iqtisadiyyatının qaydasıdır. Düzdür, Azərbaycanda bazar iqtisadiyyatından kənara da çıxırlar. Bu monopoliyadır. Ölkədə monopoliya var. Monopoliya nədən yaranır? Hər hansı kənd təsərrüfatı və ərzaq məhsulunun istehsalı azalır və həmin məhsulların xaricdən gətirilməsində maraqlı olan qüvvələr yaranır. Əlbəttə, yuxarıların izni olmadan heç kim hansısa ölkədən soğan, kartof belə gətirə bilməz. Dövlət məmurlarının da monopoliyada iştirakı ölkəyə idxal edilən məhsulun qiymətini artırır. Ölkəyə məhsul idxal edən sahibkar həmin məmurlarla gəlirinin bir hissəsini bölüşməli olurlar. Ona görə də onlar çalışır ki, xaricdən ucuz aldığı məhsulu daxildə daha baha satıb, məmurun da tələbini ödəsin. Bax, bahalaşmanın əsas səbəbləri də budur”. Vahid Məhərrəmovun fikrincə, Kənd Təsərrüfat naziri öz işinin öhdəsindən gələ bilmir: "Vəzifəyə kimlər gətirilir? Melorasiya və Su Təsərrüfatı ASC-yə cavan bir oğlan gətirdilər. Sahədən bixəbərdir, suyu yalnız krandan gələndə görüb. Su təsərrüfatı da mürəkkəb sahədir, amma kənd təsərrüfatı daha mürəkkəbdir. Kənd Təsərrüfatı Nazirliyinə gələn hüquqşünas özü ilə bərabər ASAN xidmətdən çox asan şəkildə ora-bura kağız daşıyan əməkdaşları da gətirib. Əsas mütəxəssis olmalıdır. Onun idarə qabiliyyəti də əlbəttə ikinci dərəcəli olmalıdır. Bizim şou-biznesdə müğənnilər var. Müğənnilərin birini aparıb Kənd Təsərrüfatı naziri qoysalar, bu sahə daha inkişaf edərdi, nəinki indiki hüquqşünas. Gedib heç olmasa yerlərdə əhalini şənləndirərdi”. Son illərdə ərzaq məhsulları 48 faiz, qeyri-ərzaq məhsulları 37 faiz, pullu xidmətlər 22,4 faiz bahalaşıb. Ərzaq məhsulları arasında ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb. Son 5 ildə tərəvəzlərin qiyməti 62,3 faiz yüksəlib. Bu dövrdə kərə və bitki yağları 58,93 faiz, çay, qəhvə və kakao 56,8 faiz, meyvələr 45,5 faiz bahalaşıb. Mühüm ərzaq məhsullarından olan çörək və çörək məhsullarının qiyməti 32,5 faiz, ət və ət məhsullarının dəyəri 38,8 faiz yüksəlib.