Vəkil Kollegiyanı məhkəməyə verdi

Vəkil Kollegiyanı məhkəməyə verdi

Hüquqşünas Əlayif Həsənov Azərbaycan Vəkillər Kollegiyasını məhkəməyə verərək və onun bu orqana üzvlüyünün bərpası tələb edib. Altı il bundan öncə məhkəmə qərarı ilə əlaqədar Kollegiyadan çıxarılıb. Həmin qərara əsasən barəsində Cinayət Məcəlləsinin 240-cı (təhqir) maddəsilə 148 saat ictimai iş üzrə hökm çıxarılmışdı. Amma əslində Əlayif Həsənov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa həbsxanada təzyiq faktlarını açıqladığı üçün cəzalandırılmışdı. "Bundan məni vəkillikdən kənarlaşdırmaq üçün bir bəhanə kimi istifadə edildi ki, mən siyasi motivlərlə təqib olunan vətəndaşları və məmurların özbaşınalığının qurbanlarını müdafiə edə bilməyim. Ancaq mənə qarşı intizam icraatı olmayıb və qanun cəza müddəti bitdikdən sonra vəkillik səlahiyyətlərinin bərpasına yol verir", - Əlaif Həsənov "Turan"a bildirib. "Azərbaycanda vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8.1-ci maddəsinə əsasən keçmiş hakimlər və vəkillər Kollegiyaya test imtahanı olmadan, yalnız müsahibə yolu ilə daxil olmaq üçün ərizə verə bilərlər. 2017, 2018 və 2019-cu illərdə Əlayif Həsənov şifahi müsahibədən keçmək üçün üç dəfə Vəkillər Kollegiyasının ixtisas komissiyasına müraciət edib, lakin ona məhəl qoymayıblar. Nəhayət, 2020-ci ildə Vəkillər Kollegiyasını məhkəməyə verərək onun müraciətlərinə məhəl qoyulmamasının səbəbini izah etmələrini tələb etdikdən sonra onu dəvət ediblər. Lakin ixtisas komissiyası onu vəkilliyə "yararsız" hesab edib və bunun səbəbini açıqlamayıb. Aprelin 6-da Şəki İnzibati Məhkəməsində iddia üzrə dinləmələr keçirilib. Əlayif Həsənov Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırovun şahid kimi məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Bundan öncə Bağırov Youtube kanalında jurnalist Əvəz Zeynalova müsahibəsində bildirmişdi ki, ixtisas komissiyası vəkilliyə namizədlərin hüquqi biliklərini qiymətləndirmir, yalnız onların "danışıq qabiliyyətini" yoxlayır. "Mənim danışıq qabiliyyətimin olması yəqin ki, heç kimdə şübhə doğurmamalıdır, çünki mən əvvəllər vəkil işləmişəm və mənim Youtube-da hələ də 1 milyonadək baxış toplayan çoxsaylı çıxışlarım var. Ancaq mənim vəsatətim təmin olunmayıb", - Əlayif Həsənov bildirib. Daha sonra o, ixtisas komissiyasının iki qərarını məhkəməyə təqdim edib. Qərarların birində komissiya hüquqşünas Camal Bağırzadənin vəkilliyə qəbulunu "məqbul" sayıb, ancaq bir müddət sonra onu "qəbuledilməz" hesab edib. Bu, komissiyanın iş üslubunun və metodunun göstəricisidir, belə ki, Kollegiya rəhbərliyinin göstərişilə öz qərarlarını asanlıqla dəyişir. Əlayif Həsənov bildirib ki, məhkəmə qərarın qəbulunu təxirə salıb və növbəti iclası aprelin 16-na təyin edib. Onun sözlərinə görə, 2018-2019-cu illərdə Strasburq məhkəməsi onun iki şikayəti - qanunsuz hökm və Kollegiyadan əsassız çıxarılması üzrə kommunikasiyanı başa çatdırıb.