Uzaqda hələ də işğalda qalan kəndinizi gördüm... - Brayza

Uzaqda hələ də işğalda qalan kəndinizi gördüm... - Brayza

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bakı və Ağdam səfəri haqda təəssüratlarını Axar.az-la bölüşüb:

- Cənab Brayza, Azərbaycana xoş gəlmisiniz. Ağdama da səfər etdiyiniz. Ağdam və ümumilikdə Azərbaycana olan səfərinizlə bağlı təəssüratınızı bölüşməyinizi istərdik.

– Bu xoş qarşılama üçün təşəkkür edirəm. Azərbaycana qayıtdığım üçün çox xoşbəxtəm. Bu, son 13 ayda Türkiyədən kənara etdiyim ilk səyahətim idi. İlk səyahətimin Azərbaycana olmasını çox istəyirdim. Ağdam səfəri həqiqətən çox əhəmiyyətli idi. Mən Minsk Qrupunun həmsədri olduğum zaman orada olmuşdum, amma o vaxt gördüklərim haqqında çox düşünməyə vaxtım yox idi. Çünki bu, qısa zaman kəsiyində baş tutan ziyarət idi və danışıqların gərgin bir dövrü olduğundan, şəhərin ruhunu hiss etmək çətin idi. O məqamda hiss etməkdənsə, əsasən müşahidə edib öyrənirdim. Və bu dəfə düşünmək, Ağdamın bu gün yaşadığı böyük ağrıları hiss etmək üçün daha çox zamanım oldu. Ancaq beynimdə, ürəyimdə gizlənməyə davam edən iki şey var idi. Birincisi, bu qədər ailənin, həyatın dinc yaşamının bu qədər dəhşətli şəkildə pozulmasının çox faciəvi olması. Buranın əhalisi də zamanında tamamilə normal bir həyat yaşayırdı, bütün qayğıları bizim gündəlik keçirdiyimiz qayğılardan ibarət idi. İndi isə müharibə səbəbindən onların həyatı alt-üst olub. Məcburi köçkünlər, qaçqınlar fiziki cəhətdən sağ qalsalar belə, həyatlarının necə çətin, faciəli bir hala gəldiyini unutmaq asandır.

İkinci, indi hər zamankından daha çox hiss etdiyim məqam erməni işğalçılarının nə qədər barbar və qəddar olmasıdır. Şəhər məhv edilib və bu, döyüşün, müharibənin nəticəsi deyil; bunu qəzəbini tökmək və nifrətini nümayiş etdirmək, keçmiş azərbaycanlı qonşularını alçaltmaq istəyən erməni xalqı edib. Və görünür, onların böyük əksəriyyəti həm də oğrudur. Onlar azərbaycanlı ailələrin əşyalarını - qapılarını, pəncərələrini, ev alətlərini və mebellərini, hətta bütün inşaat materiallarını oğurlayıblar. Onların evlərin, damların kərpiclərini belə oğurlaması erməni cəmiyyətində mövcud olan nifrətin səviyyəsini göstərir.

Ermənistanın müharibəni uduzduğu üçün yaşadığı aşağılanmanı simvolizə edən siyasi böhranın sonlanmasının nə qədər vaxt alacağı məni narahat edir. Müharibə dövründə də ermənilər “yenilməzlikləri” barədə davamlı, yalançı hekayələrlə bəsləndi. İndi də onlara söylənilən hər şeyin yalan olduğunun şokunu yaşayırlar. Beləliklə, Ağdamı dağıtmaqlarından da görürük, erməni cəmiyyətində aşağılanmadan doğan çox böyük bir qəzəb var.

Ancaq digər tərəfdən nikbinəm, çünki 10 noyabr bəyanatı həqiqətən bütün münaqişəni həll edir. Və Azərbaycan Ermənistana belə bir əməkdaşlıq, irəliyə baxmaq və tarixin səhifələrini çevirmək təklifi ilə yaxınlaşdıqda, Prezident Əliyevin ADA Universitetindəki konfransda da dediyi kimi, bir gün ermənilər oyanacaq və Azərbaycanın onlar üçün açdığı, onlara daha yaxşı bir həyat vəd edən qapıdan keçəcəklər.

– ADA-da cənab Prezidentin və beynəlxalq eskpertlərin iştirakı ilə keçirilən konfransda çıxışınız maraq doğurdu. Konfransla bağlı ümumi fikirlərinizi eşitmək xoş olardı.

– Konfrans möhtəşəm idi. Bazar günü xarici işlər naziri Bayramov, çərşənbə axşamı isə Prezident Əliyevin iştirakı ilə baş tutdu. Əlbəttə, bu diqqətçəkən məqam idi. Prezident Əliyev faktiki olaraq çıxış etmədi, o, bir-iki dəqiqəlik açılış nitqi səsləndirdi və sonra 12-15 ölkədən konfransa qoşulan beynəlxalq mütəxəssislərin suallarını cavablandırdı. Və bizimlə çox açıq, səmimi, dərin bir müzakirə apardı. Mən iyirmi ilə yaxındır ki, Dağlıq Qarabağ məsələsi üzərində işləyirəm və Azərbaycanın münaqişəyə necə baxdığını və Azərbaycanın niyə konkret addımlar atdığını çox yaxşı anlayıram. Öncədən proqnozlaşdırdığımın baş verdiyini, yəni Prezident Əliyevin müharibə fazasını geridə buraxdığını görmək çox sevindirdi. O, tarixin yeni bir səhifəsini açın deyir, ancaq erməni tərəfi hələ də müharibədəki itkilərinin şokundadır.

Erməni tərəfi Azərbaycana qarşı müharibədə qalib gələ biləcəyinə inanırdı və əslində bunu Ermənistan hökuməti deyirdi. Çünki hökumət ordusunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın olduğu ərəfədə belə xalqa müharibədə qalib gələcəyini deyirdi.

İndi Azərbaycanın azad edilmiş torpaqlarının yenidən qurulmasını və dəmir yolu da daxil olmaqla, kommunikasiyanın nə qədər sürətlə bərpa edildiyini eşitmək çox maraqlı idi: magistral yolun inşası artıq başlayıb, əslində Bərdə-Ağdam dəmir yolunun necə tikildiyini bazar ertəsi Ağdama getdiyimiz zaman öz gözlərimlə gördüm. Prezident Əliyev həmçinin ermənilərin mina xəritəsini verməkdən imtina etdiyi üçün bütün minaların təmizlənməsinin çox vaxt aparacağını da vurğuladı. Buna baxmayaraq, Azərbaycan tərəfinin tikinti layihələrini davam etdirdiyini qeyd etdi. Ermənistan indiyə qədər prosesə qoşulmaq istəməsə də, iki ilə yaxın bir müddətdə məcburi köçkünlərin əvvəlki şəhər və kəndlərinə geri qayıtmaları üçün kifayət qədər irəliləyiş olacağını söylədi. Bütün bunlar çox mühüm planlaşdırmalardır.

– Konfransda Prezident İlham Əliyevin İrəvan, Zəngəzur, o cümlədən, İsgəndər-M raketləri ilə bağlı səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb oldu. Prezidentin bu fikirlərini necə şərh edərdiniz?

– Bəzi erməni liderlər yalandan Azərbaycanın etnik təmizləmə apardığını iddia edirdilər. Əslində olan isə Prezident Əliyevin Qarabağdakı etnik ermənilərə evlərində qalmaları, daha yaxşı həyata sahib olmaq və daha firavan həyat üçün Azərbaycanın yenidənqurma səylərindən faydalanmalarını, azərbaycanlılarla bu ərazilərdə çiyin-çiyinə, sülh içində yaşamalarını istəməsidir. Ancaq təəssüf ki, bu, hazırda Ermənistanın siyasi iqlimində mümkün deyil, bu səbəbdən Prezident bunun üçün bir az vaxt lazım olduğunu vurğuladı. Ermənistandakı indiki həyatından uzaqlaşmaq, Azərbaycanla əməkdaşlıq etmək istəyən, buna hazır olan insanlar, Ermənistandakı siyasi liderlər tərəfindən öz ölkələrinə xəyanətdə mühakimə olunur, satqın adlandırılır. Bunun çoxu Ermənistanda keçiriləcək 20 iyun seçkiləri ilə əlaqədardır, çünki hər siyasətçi öz rəqibindən daha millətçi olmağa çalışır. İstənilən halda ermənilər Azərbaycanın açdığı qapıdan daxil olaraq daha gözəl həyat yaşaya biləcəklərini dərk edəcək və rəsmi Bakının onlar üçün açdığı bu qapıdan keçəcəklər. Lakin bu bir az vaxt alacaq. Və onlar Zəngəzur dəhlizi tikinti layihələrində iştirak edə bilərdilər, çünki Prezident Əliyev dəhlizin yalnız şərqdən qərbə deyil, həm də şimaldan cənuba doğru gedəcəyini açıq şəkildə bildirdi. Bu o deməkdir ki, Ermənistan İranla əməkdaşlıq edərkən, təbii ki, onun Gürcüstan və Rusiya ilə əlaqəsi Azərbaycan və Türkiyə üzərindən baş tutacaq. Bu, Ermənistan üçün yaxşıdır. Ermənistanın iqtisadiyyatının böyüməsi üçün buna ehtiyac var, amma bunun reallaşması hələ ki mümkün deyil.

“İsgəndər” raketlərinə gəldikdə, cənab Prezidentin raketlər haqqında nə dediyini onsuz da bilirik. Ancaq ruslar və ermənilər “İsgəndər”lərdən heç vaxt istifadə edilmədiyini iddia etsə də, bu raket Azərbaycan ərazisində tapıldı – həm də yalnız ixracat üçün nəzərdə tutulan İsgəndər-E raketi deyil, Rusiya xaricində heç bir ölkənin sahib ola bilməyəcəyi İsgəndər-M raketi. Prezident Əliyev tərəfindən qaldırılan sual budur ki, İsgəndər-M-i erməni tərəfi necə əldə edib? Bu, Rusiyanın razılığı ilə baş verib? Əgər belə deyilsə, onda necədir? Erməni tərəfi İsgəndər M-ləri hardan, kimdən alıb? Mənim fikrimcə, “İsgəndər” raketlərinin əhalinin məskunlaşdığı əraziyə atılması hərbi cinayətdir. Prezident həmçinin qeyd etdi ki, Azərbaycanın guya Şuşadakı kilsəni necə hədəf aldığı və ya ona ziyan vurduğu iddiaları ilə səs-küy salan da ermənilərdir, “İsgəndər”ləri Şuşaya atan da.

– Bakıya etdiyiniz bu qısamüddətli səfər zamanı müharibədən sonrakı vəziyyətlə yerindəcə tanış oldunuz. Regionda müharibədən sonra yaranmış vəziyyəti necə şərh edərdiniz?

– Bərdədən Ağdama qədər Ermənistanın müdafiə xətləri ilə gedəndə qazılmış, betonla, tikanlı məftillərlə və minalarla möhkəmləndirilmiş, artilleriya, tanklar üçün ayrılan yerləri – müharibədən sonrakı vəziyyəti gördüm. Bu yerləri tamamilə boş görmək çox gözəl idi.

Yəni gördüyüm əsas dəyişiklik erməni istehkamlarının tərk edilmiş vəziyyətdə olması idi. Uzaqda hələ də Ermənistan tərəfindən işğal altında olan bir Azərbaycan kəndini görə bilirdik. Qarabağın o hissəsi hələ də işğal altındadır, bu da maraqlıdır.

Ağdamda gördüyüm və yeni olmayan bir şey var idi ki, bu da, dediyim kimi, müharibə zamanı əsgərlər tərəfindən deyil, Azərbaycana bu qədər nifrət edən sadə erməni əhalisi tərəfindən dağıdılan şəhər, azərbaycanlıların oğurlanan evləri idi.

Yeni olan isə Ağdama qayıtma planını eşitmək, Bərdəni Ağdamla birləşdirən yeni dəmir yolunun qurulmasını görməkdir.

Bütün bunları sizə indi danışarkən 2007-ci ildə Ağdamın mərkəzini ziyarət etdiyim zaman inəklər və inək kiri ilə doldurulmuş məscid haqda düşünürəm. İndi məscid tamamilə təmizlənib. Əsas hissəsi hələ də durur, ona görə də mənim üçün bu əkiz minarələr və günbəz həm də Azərbaycan xalqının ayaqda qalmasının və yaxın vaxtlarda Ağdama qayıtmasının simvolik obrazıdır.