"Ermənistanda seçkiqabağı daxili gərginlik pik nöqtəyə çatır"

"Ermənistanda seçkiqabağı daxili gərginlik pik nöqtəyə çatır"

"Pandemiya və müharibənin onsuz da zəif olan Ermənistana vurduğu ölümcül zərbəni bu gün erməni cəmiyyəti öz üzərində hiss edir. Ermənistanda vəziyyət elə gərgindir ki, onlar yeganə çıxış yolunu ölkəni tərk etməkdə görürlər".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra erməni cəmiyyətində siyasi apatiya baş verib: "İnsanların psixoloji durumu son dərəcə gərgindir, tam məğlub ovqatdadırlar. Üstəgəl, iqtisadiyyatları tamamilə çöküb. Bir yandan iqtisadi fəlakət, bir yandan isə məğlubiyyətin nəticəsi Ermənistan cəmiyyətinin, demək olar, hər bir üzvünü isterik vəziyyətə salıb, onların sabaha olan ümidlərini əllərindən alıb. Bu gün Ermənistanda vəziyyət elə gərgindir ki, onlar yeganə çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Bu, onsuz da hər zaman Ermənistan üçün spesifik xüsusiyyət olub, sadəcə, indi pandemiyanın yaratdığı müəyyən məhdudiyyətlər erməni əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsinin qarşısını alır. Əgər sabah pandemiya başa çatsa, Ermənistan əhalisinin mütləq əksəriyyəti ölkəni tərk edəcək və hətta Silahlı Qüvvələrdə xidmət etmək üçün gənc insanlar tapılmayacaq. Artıq bunun simptomları var, Ermənistanda xanımların hərbi xidmətə çağırılması ilə bağlı məsələlər tez-tez siyasi dairələrdə müzakirə olunur".

Deputat həmçinin Ermənistanda baş verən seçkiqabağı daxili böhran barədə də danışıb.

E.Nəsirov qeyd edib ki, parlament seçkiləri yaxınlaşdıqca Ermənistanla bağlı sadalanan daxili gərginlik özünün pik nöqtəsinə çatır: "Vaxt daha çox yaxınlaşdıqca bu gərginlik partlayış səviyyəsinə də gələ bilər. Seçkilərdən sonra isə Ermənistan üçün xarakterik olan qarşıdurma mühiti daha da arta və daha ağır fəsadlarının şahidi ola bilərik. Qeyd edim ki, 20 iyun seçkilərində Nikol Paşinyanın qalib gəlmə şansı daha yüksək qiymətləndirilir. Əlavə edim ki, seçkiqabağı hər iki tərəfdən-həm iqtidar, həm də radikal müxalifət sıralarından Azərbaycana qarşı kəskin ritorik ifadələrin səsləndirildiyini eşidəcəyik".
Milli Məclisin üzvünün sözlərinə görə, bu reallıqlar fonunda ölkənin səhiyyə sistemi də böhran məngənəsində boğulmaqdadır: "Ən böyük problem odur ki, Ermənistan bu gün pandemiyanın geniş yayılması baxımından Cənubi Qafqazın "qırmızı xətt"i hesab olunur. Yoluxma hallarının kəskin artması ilə yanaşı vaksin çatışmazlığı da diqqətdən yayınmır. Təsadüfi deyil ki, aprelin 7-də Nikol Paşinyan Rusiya Prezidenti ilə danışıqları zamanı onların müzakirə etdikləri əsas məsələlərdən biri də məhz vaksinlərin alınması olub. Paşinyan xahiş edib ki, Rusiya Ermənistan əhalisini koronavirus əleyhinə vaksinlə təmin etsin".

Deputat bildirib ki, Ermənistanda iqtisadiyyat ağırlaşdıqca bir neçə istiqamətdə fəsadlar verir: "Nəticədə, ölkədə rüşvətxorluq və korrupsiya dalğası yaranır ki, onun qarşısını almaq mümkünsüz olur. Digər tərəfdən isə, əhalinin sosial durumu pisləşdikcə etiraz dalğası da artmağa başlayır. Belə olan halda, hakimiyyət sabitliyi təmin etmək üçün polisin qəddar davranışını sərgiləməyə məcbur qalır. Nəticədə, bu gün Ermənistan demokratiyanın boğulduğu ölkələr sırasındadır. Bu da Ermənistanın düşdüyü hərbi, sosial və iqtisadi fəlakətin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir".

Nəzrin Cavid