Allahın razılığı sorağında olanların məqamı

Allahın razılığı sorağında olanların məqamı

Allah-Taala Qurani-Kərimin "Maidə" surəsinin 54-cü ayəsində buyurur:

يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

"Allah onun (kitabın) vasitəsi ilə Allahın razılığı sorağında olan kəsləri əmin-amanlıq və qurtuluş yollarına hidayət edir. Onları Öz istəyi ilə zülmətlərdən işıqlığa çıxarır və doğru yola yönəldir."

Hidayətin dərəcələri vardır: Mərhələlərdən biri insanların qəbul edib-etməməsindən asılı olmayaraq hamı üçün nəzərdə tutulmuş ümumi hidayət mərhələsidir. İkinci mərhələdəki hidayət ümumi hidayəti qəbul edənlərə aiddir. Bu ayə ikinci növ hidayət haqqında danışır.

Salam Allahın adlarından biridir. ("Həşr", 23.)

Behiştin də adlarından biri "darus-səlamdır" (sağlamlıq evi). ("Ənam", 127.)

Demək, "Salam" yolları, yəni Allah və Behişt yolu əmin-aman və doğru yoldan keçir.

"Subuləs-Səlam" fərd və cəmiyyətin, ailə və nəslin, düşüncə, ruh və namusun salamatlıq yollarını bildirir.

Allahın razılıq yolunu gedənlərin aşkar nümunəsi Qədir-Xum xəttini izləyənlərdir. Çünki ayənin uyğun hissəsi Əli ibn Əbi-Talibin (ə) canişinlik məqamına seçilməsindən sonra nazil olmuşdur. ("Təfsiri-Ətyəbul-bəyan".)

Bildirişlər

1. O insanlar hidayət ola bilirlər ki, Allahın razılığını qazanmaq əzmində olsunlar, məqam, mal, nəfs istəkləri və intiqam ardınca düşməsinlər.

2. İnsan özü öz hidayəti üçün zəmin hazırlayır.

3. Salamatçılıq və səadət yollarına hidayət Allahın razılığını qazanmaqdan asılıdır. Allahdan qeyrisini razı salmaq istəyində olanlar azmışlar.

4. Haqq yol birdir, batil yollar isə (şirk, küfr, nifaq, təfriqə yolları) çoxsaylı. ("Nur" kəlməsi tək, "zülmət" kəlməsi isə cəm formada işlədilmişdir. Bəli, bütün yaxşılıqlar və paklıqlar tövhid nuru sayəsində vəhdət və birlik halına gəlirlər. Zülmət isə həmişə təfriqə və cərgələrdə pərakəndəlik səbəbidir.)

5. Hədəf bir, ona çatmaq yolları isə çoxdur.

6. Vəhy məktəbi fərd və cəmiyyətin, ruh və cismin sağlamlıq və səadətini təmin edir.

7. Bəşəriyyət Quran sayəsində birgə yaşayış və həyat səfası əldə edir.

8. Salamatlıq yolu doğru yola aparır. Müxtəlif şəraitlərdə növbənöv vəzifələri yerinə yetirənlər Allahın razılığını qazanır və doğru yola çatırlar.

9. Doğru yola çatmaq üçün peyğəmbər və kitab kifayət etmir. Bu işdə Allahın lütf və istəyi də zəruridir.

10. Nə cəbr (məcburiyyət), nə də təfviz (özbaşına buraxılma). Həqiqət bu iki yol arasındadır. İnsan seçim aparır. Amma Allahın iradəsi olmadan məqsədə çatmaq olmur.

11. Quran bütün zülmətlərin şəfabəxş məlhəmidir. Cəhalət, şirk, təfriqə, vəhşilik, şəkk-şübhə, nəfs istəkləri, xurafat, cinayət, iztirablar zülməti Quran vasitəsi ilə elm, tövhid, vəhdət, mədəniyyət, yəqin, haqq, səfa və aramlıq nuruna çevrilir. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 3-cü cild, "Maidə" surəsi, 16-cı ayənin təfsiri.)