Şuşanın tarixi görkəmi və şöhrəti özünə qayıdır -

Şuşanın tarixi görkəmi və şöhrəti özünə qayıdır -

Musiqi və mədəniyyət beşiyi olan, qədim tarixə malik Şuşa şəhəri yalnız siyasi və strateji deyil, xalqımız üçün həm də böyük mənəvi əhəmiyyətə malikdir.

Bunu Teleqraf-com-a YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov deyib.

Onun sözlərinə görə, hazırda Şuşa Azərbaycanın Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi, strateji əhəmiyyətli şəhərdir:

“Şuşa eyni zamanda mədəniyyət beşiyi, bir çox məşhur şair və yazıçı, musiqiçinin, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş görkəmli sənətkarların yurdudur. Bu baxımdan Prezident İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncamı olduqca yüksək dəyərləndiririlir. Vaxtilə ümummili lider Heydər Əliyev Şuşa şəhərinə çox böyük önəm vermiş və belə demişdi: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Prezident, Ali Baş Komandan İlham Əliyev də Vətən müharibəsi günlərində bəyan etdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı. Ata vəsiyyətini yerinə yetirən, işğal altında olan torpaqları azad edən Prezident İlham Əliyev indi də vəd etdiyi kimi, Şuşanın dirçəldilməsi istiqamətində vacib addımlar atır. Prezidentin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncamı, eləcə də onun göstərişi ilə Şuşada görülən və hazırda da davam etdirilən abadlıq-quruculuq işləri məhz bu kontekstdə dəyərləndirilməlidir. Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir”.

Tofiq Cahangirov bildirib ki, əsrlərdir Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşanın ölkəmizin mədəniyyət paytaxtı adını daşıması xüsusi əhəmiyyət daşıyır:

“Bu addım Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, Azərbaycanın çoxəsrlik, zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə atılıb. Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması onun regionun mədəniyyət mərkəzi kimi yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması anlamına gələcək. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi müdrik və vacib qərardır”.