Böyük şahmat taxtasında böyük gedişlər və ya dünyanın yenidən bölüşdürülməsi

Böyük şahmat taxtasında böyük gedişlər və ya dünyanın yenidən bölüşdürülməsi

Deputat: “Birqütblü dünyadan çoxqütblü dünyaya keçid mərhələsindəyik”

Politoloq: “Rusiya heç bir halda Çini Amerikanın ayağına verməyəcək”

ABŞ dünyada iki ölkəyə qarşı xüsusi mübarizə aparır. Bunlardan biri SSRİ-nin varisi kimi qiymətləndirilən Rusiya, digəri isə Çindir. Ekspertlərin qənaətinə görə, ABŞ Çinlə müqayisədə Rusiyanı daha zəif hesab edir və bu səbəbdən əsas mübarizəsini Çinə qarşı yönəldib. Çünki Çin həm hərbi, həm də iqtisadi zəmində güclənməkdə davam edir. Bu səbəbdən rəsmi Vaşinqtonun Rusiyaya qarşı təzyiqlərinin kökündə də onu Çinlə əməkdaşlıqdan yayındırmaq niyyətinin olduğu iddia edilir.

İyunun 16-da ABŞ və Rusiya prezidentləri – Co Bayden və Vladimir Putin arasında keçiriləcək Cenevrə görüşündə də bu məsələlələrin əsas müzakirə mövzusu olacağı gözlənilir. Verilən məlumata görə, artıq görüşün keçiriləcəyi məkan da müəyyənləşib. Prezidentlərin görüşü Cenevrə gölünə baxan, XVIII əsrə aid bir malikanədə baş tutacaq. İsveçrə polisi və ordusunun La Qranc malikanəsi ətrafındakı iki parkı bağladığı, barrikadalar və tikanlı məftillər qurduğu bildirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi gedir: “ABŞ-ın xarici siyasət doktrinasında həm Çin, həm də Rusiya əsas düşmənlər elan edilib. Bu baxımdan kifayət qədər müzakirə olunası mövzular var. Bayden iqtidara gələndən sonra iddialı bəyanatlar verdi. Həmin bəyanatlarda ABŞ-ın xarici siyasətdə rolunun artırılması əsas yer tuturdu”.

“İyun ayının 14-də Cenevrədə keçiriləcək NATO dövlətlərinin Zirvə Görüşü çərçivəsində ABŞ-Rusiya, ABŞ-Avropa Birliyi, ABŞ-Türkiyə müzakirələri nəzərdə tutulub. Bu görüşlər zamanı qlobal geosiyasi mövzular müzakirə olunacaq. Heç kim üçün sirr deyil ki, artıq dünyanın yenidən bölünməsi prosesini müşahidə etməkdəyik və ənənəvi müttəfiqlər arasında, hətta NATO üzvü olan ölkələr arasında da geosiyasi məsələlərdə fikir ayrılıqları mövcuddur”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, hazırda birqütblü dünyadan ikiqütblü və çoxqütblü dünyaya keçid mərhələsindəyik: “Müəyyən siyasi fikir ayrılıqlarına görə, ayrı-ayrı dövlətlər bir-birinə qarşı saksiyalar tətbiq edir. Yəni, bütün bunlar dünyada yeni nizamın əmələ gəldiyini göstərir. Hesab edirəm ki, bu görüşlərin nəticəsində bir kompromis əldə olunacaq. Ancaq ABŞ ilə Rusiya arasında ciddi razılığın əldə olunacağı ehtimalı çox aşağıdır. Çünki kifayət qədər zidiyyətli məqamlar var. Hər iki tərəfdən qırmızı xəttlər müəyyən edilib”.

“Bu və ya bu kimi görüşlər nəticəsində Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcək elementlər aradan qaldırıla bilər. ABŞ və NATO ilə Rusiya arasında münasibətlərin istiləşəcəyi isə qətiyyən inandırıcı deyil. Konkret hansısa qarşılıqlı güzəştlərin olacağına da inanmıram. Qənətim bundan ibarətdir ki, bu görüşlərdən ciddi dəyişikliklər gözləməyə dəyməz”, - deyə Məhəməliyev vurğulayıb.

Politoloq Elxan Şahinoğlu da oxşar fikirdədir. O da AYNA-ya şərhində deyib ki, Rusiya Çinə qarşı ABŞ-la ittifaqa getməyəcək: “ABŞ ilə Rusiya arasında müxtəlif mövzularda o qədər dərin ixtilaflar hökm sürür ki, bir görüşlə bu məsələlərin yoluna qoyulmasını gözləmək sadəlövhlük olardı. Bu görüş sadəcə tanışlıq xarakteri daşıyır. Bayden Prezident kimi ilk dəfə rusiyalı həmkarı ilə görüşür. Müəyyən isti münasibətlər yaratmağa çalışır. Lakin bu, o demək deyil ki, bu görüşlərdə ciddi qərarlar qəbul ediləcək”.

“Düzdür, bu gün Amerikada Çini çox böyük təhlükə kimi qiymətləndirirlər. Ancaq Rusiya ilə Çin arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Bu münasibətlər artan xətlə inkişaf edir. Müxtəlif regional layihələr, iqtisadi əlaqələr, qaz idxalı və s. məsələlər var. Ola bilər ki, Rusiyada Çinin böyüməsindən narahatlıq keçirən dairələr var. Ancaq rəsmi Kreml birmənalı şəkildə Çinlə əməkdaşlığa üstünlük verir. Amerikaya görə, Rusiyanın Çinlə ixtilaflara getməsi mümkün deyil. Rusiya heç bir halda Çini Amerikanın ayağına verməyəcək”, - deyə analitik bildirib.

Bayden-Putin görüşünə gəldikdə, Şahinoğlunun fikrincə, bu, sıradan bir görüş olacaq: “Heç bir ciddi nəticədən söhbət gedə bilməz. Həm Amerikada, həm də Rusiyada bu görüşdən heç bir gözlənti yoxdur. Hər iki ölkənin mətbuatı, ekspertləri bəyan edirlər ki, bu görüşün ümumiyyətlə nəticələri olmayacaq. Nəzərə almaq lazımdır ki, ABŞ istənilən razılaşmanı poza və Rusiyanı Çinlə üz-üzə qoya bilər. Bu ehtimal həmişə mövcuddur. Təbii ki, Rusiya buna getməz və getməyəcək də”.

“Baydenlə Putin arasındakı görüşdə əsas müzakirə mövzusu Suriya, Ukrayna və digər məsələlərlə bağlı olacaq. Qarabağ məsələsi də müzakirə mövzusu ola bilər. Lakin bu münaqişənin üzərində çox dayanacaqlarını düşünmürəm. Bu, əslində bizim də marağımızda deyil. Çünki həm ABŞ-da, həm də Fransada və digər Avropa ölkələrində ermənipərəst qüvvələr güclüdür və hadisələrə, prosesə təsir imkanları var. Bu gün regionda əsas oyunçular Rusiya və Türkiyədir. Bu xüsusda hər hansı ciddi dəyişikliklərin olacağını da ehtimal etmirəm”, - deyə politoloq fikrini yekunlaşdırıb.