“Ankara Bakının haqq işini axıra qədər müdafiə etmək istəyir” – Anar İsgəndərli

“Ankara Bakının haqq işini axıra qədər müdafiə etmək istəyir” – Anar İsgəndərli

“44 gün davam edən Qarabağ müharibəsi bitib. Amma Qarabağla bağlı bizi istəməyən bədxah dövlətlərin, bizə düşmən olan ölkələrin iddiaları bitməyib, hələ də davam edir. Bizim haqq işimizi əyri güzgüdə görən bəzi informasiya agentliklərinin düşmənçiliyi də bitməyib. Bəli, Azərbaycan öz tarixi torpaqlarını öz ordusunun, qəhrəman əsgərinin gücü ilə qaytardı. Amma hələ də bu məsələ ilə bağlı Cənubi Qafqazda münasibətləri gərginləşdirmək istəyən qüvvələr mövcuddur. Eyni zamanda, Azərbaycanın haqq işini sona qədər müdafiə edən dövlətlər var. Bu dövlətlərin başında təbii ki, Türkiyə Cümhuriyyəti durur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərli deyib.

Millət vəkili bildirib ki, Türkiyə Azərbaycanla dostdur, qardaşdır, eyni maraqları müdafiə edən iki qardaş dövlətdir: “Bu mənada Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya və Şuşaya səfəri onu göstərir ki, Ankara Bakının haqq işini axıra qədər müdafiə etmək istəyir. Bir dost, qardaş dövlət kimi Azərbaycanın problemlərinin həll olunması üçün axıra qədər ölkəmizin yanındadır. Təbii ki, Ərdoğanın Şuşaya səfəri təkcə səfər, müsafirlik məqsədi daşımır. Türkiyə bununla demək istəyir ki, Şuşa tarixi Azərbaycan torpağıdır. Qarabağ xanlığının paytaxtıdır. Ərdoğan da tarixi Azərbaycan torpağına səfər etməklə bir daha bəyan edir ki, ölkəmizlə bağlı məkrli planı olan dövlətlər bir daha öz planlarına baxsınlar. Bir də bu tarixi həqiqəti dərk etsinlər ki, Azərbaycan öz torpaqlarını azad edib. Ölkəmiz bir daha imkan verməyəcək ki, o torpaqlar kiminsə, o cümlədən, erməni faşistlərinin əlinə keçsin”.

Millət vəkilinin fikrincə, ermənilərin revanşist planları, arzu-istəkləri ola bilər, amma o arzu-istəklər onların ürəyində qalacaq: “Bu, birmənalıdır. Müharibədən çıxan dövlət hamının təəccübünə səbəb olan quruculuq işlərinə başlayıb. Bütün dünya bu quruculuq işlərini görür və heyrətlənir. Bu qurucluq işləri kifayət qədər sürətlə gedir. Keyfiyyətli şəkildə aparılır. Dünyanın bir çox dövlətlərinin şirkətləri də burada iştirak edir. Azərbaycanın dövlət başçısının dediyi kimi, biz onlar üçün imkanlar yaradırıq. Biz qısa müddət ərzində işğaldan azad olunan ərazilərimizi cənnət guşəsinə çevirəcəyik. Həmin ərazilər o qədər gözəlləşəcək ki, təkcə Azərbaycanın yox, dünyanın da gözünə çevriləcək. Şuşa ilə bağlı ayrıca danışmağa ehtiyac yoxdur. Şuşa ilə bağlı ölkə başçısının dediklərinə qoşularaq söyləyə bilərik ki, Şuşa həqiqətən də azaddır, Şuşa Azərbaycandır!”.

Deputatın sözlərinə görə, Şuşanın gələcək inkişafı ilə bağlı planlar da artıq hazırdır: “Bu istiqamətdə 24 saat işlər gedir. Ağdamla bağlı plan da hazırdır. Dövlət başçısı Ağdamda təməlqoyma mərasimlərində də iştirak elədi. Bu istiqamətdə də işlər sürətlə aparılır. Digər tərəfdən, futbol üzrə Avropa Çempionatının bir neçə oyununun Bakıda keçirilməsi onu göstərir ki, Azərbaycan müharibədən çıxan bir dövlət olsa da hərbi sahədə olduğu kimi, iqtisadi sahədə də güclüdür. Avropa Çempionatının Bakıda keçirilməsi ilə bağlı ölkəmiz hər şeyə hazırdır. Cəmiyyət də dövlət də hazırdır, buna əmin ola bilərsiniz. Yüksək səviyyəli stadionlarımız mövcuddur. Bu istiqamətdə işlərimiz uğurla gedir. Eyni zamanda. Türkiyənin dövlət başçısı cənab Ərdoğanın da Bakıya gəlməsi və Türkiyə millisinin oyununu paytaxtımızda izləməsi bu matça ayırca gözəllik qatır. Sevinc gətirir. İndi ölkəmizdə xalq-iqtidar birliyi dəmir yumruğa çevrilib. Azərbaycan haqq yolundadır. Bu dəmir yumruq bizi istəyən xalqlar üçün ən yumşaq sağ əldir. Bizi istəməyən dövlətlər üçün bu dəmir yumruqdan daha möhkəmi yoxdur. Azərbaycanın yolu haqq, ədalət yoludur. Biz bu yolla uğurla davam edirik”.

Tural Turan