Şuşa Bəyannaməsinə dəstək: “Müxalifətin bu addımı dövlətin mövqeyini gücləndirir” - Partiya sədri

Şuşa Bəyannaməsinə dəstək: “Müxalifətin bu addımı dövlətin mövqeyini gücləndirir” - Partiya sədri

Azərbaycan Vətən müharibəsi dövründə əsl birlik nümayiş etdirdi, hər kəs vahid hədəfə vurdu.

Bu, ölkədə böyük milli həmrəylik, milli birlik nümunəsinin bariz göstəricisi oldu. Ölkədə fəaliyyət göstərən müxalifət partiyaları, ictimai təşkilatlar, ümumilikdə xalq birmənalı olaraq dövlət, millət mənafeyini müdafiə etdi, qalibiyyəti şərtləndirən səbəblərdən birinə çevrildi.

Qalib Azərbaycan isə bölgədə yeni reallıqlar yaratdı. İşğala son qoyulması, Azərbaycanın tarixi torpaqlarını azad etməsi Cənubi Qafqazda yeni dönəmin əsasını da qoydu.

Bu gün dünya gücləri Cənubi Qafqazda Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcbur qalıb. Prosesdə Türkiyənin də iştirakı Azərbaycanın əlini birmənalı şəkildə gücləndirir. Bu prosesdə də milli birliyə böyük ehtiyac var. Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladığı Bəyannaməyə müxalifətin göstərdiyi münasibət gözlənilən siyasi birliyin nümayişi idi.

Qeyd edək ki, 48 partiya bəyanat yayaraq Şuşa Bəyannaməsinə dəstək verdi. Hesab olunur ki, müxalifətin bu bəyanatı siyasi birliyin inkişafında önəmli rol oynayacaq. Şuşa Bəyannaməsinə dəstək verən partiyalardan biri, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz Cebhe.info-ya açıqlamasında deyib ki, müxalifətin bu addımı ictimaiyyətin dövlətin yanında olduğunu bütün dünyaya göstərdi:

“Bütün dünya gördü ki, Prezidentin imzaladığı Şuşa Bəyannaməsini müxalifətdə olan partiyalar da dəstəklədi. Bunun rəmzi mənası var, bu, ölkə daxilində vətəndaş həmrəyliyinin təzahürü deməkdir. Ən əsası isə odur ki, ölkədəki siyasi partiyalar Şuşa Bəyannaməsini dəstəkləməklə müharibədəki qalibiyyətin diplomatiyada da davam etməsini istədiklərini göstərdi. Düşünürəm ki, partiyaların bu addımı çox təqdirəlayiqdir. Müxalifətin bu addımı dövlətin diplomatik masadakı mövqeyini gücləndirir”.

Vilayət Muxtar
Cebhe.info


Bizi Telegramda izləyin