Amerikalı analitik: "Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz"

Amerikalı analitik: "Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz"

"Bəzi analitiklərin mina sahələrinin xəritələrinin mövcudluğuna şübhə ilə yanaşmasına və hətta erməni hərbçilərin sırf səriştəsizlikdən basdırılmış bütün minaların yerlərini yadda saxlaya bilmədiklərini hesab etməsinə baxmayaraq, Azərbaycan ərazilərində mina basdırılmasının planlaşdırılmış və mütəşəkkil şəkildə həyata keçirildiyi göz qabağındadır".
Bunu "Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Sukerman Azərbaycanın Ağdam rayonu üzrə mina sahələrinin xəritələrinin Ermənistan tərəfindən təhvil verilməsini şərh edərkən bildirib.
Onun fikrincə, Qarabağda ərazilərə mina basdırılması ilə bağlı əmr Ermənistan rəhbərliyi tərəfindən verilib və bu, heç bir halda aşağı vəzifəli məmurların və ya hərbçilərin özbaşına fəaliyyətinin nəticəsi deyil: "Rəsmi İrəvan tərəfindən törədilmiş hərbi cinayətlərin bu əlavə sübutlarından indi mina sahələrinin qalan xəritələrini almaq üçün siyasi təzyiq vasitəsi kimi istifadə etmək olar”.
Ekspert deyib ki, bir halda ki, Ermənistan Ağdam rayonu üzrə mina sahələrinin xəritələrini artıq təqdim edib, gələcəkdə rəsmi İrəvanın bu məsələdən boyun qaçırmaq cəhdləri mənasız olacaq və bu, əlavə siyasi güzəştlər əldə etmək cəhdi kimi qəbul ediləcək.