"Vaksinasiyadan sonra energetik içkilər, kola, fanta və spirtli içkilər olmaz" - Professor 

"Vaksinasiyadan sonra energetik içkilər, kola, fanta və spirtli içkilər olmaz" - Professor 

Dünyanı öz ağuşuna alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam edir. Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.
Yeri gəlmişkən, vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu - qidalanma rejimi mütıxəssislər tərəfindən müzakirə olunan məsələlərdən biridir. İsti yay gününü nəzərə alsaq, insanlar istilikdən sonra dərhal qazlı içkilərə üstünlük verirlər. Bəs vaksinasiyadan sonra qazlı içkilər içilməlidirmi?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev “Şərq”ə açıqlamasında bildirib ki, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır:
”Vaksinasiyadan sonra energetik içkilərin içilməsini qəti məsləhət görmürəm. Kola, fanta və spirtli içkilər isə ilk və ikinci dozadan sonrakı ilk 3 gün sadəcə olaraq, tövsiyə olunmur. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır”.
Həkim-pulmonoloq Nərminə Rəfiyeva isə “Şərq”ə açıqlamasında qeyd edib ki, vaksinasiya vurulduqdan sonra orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır: Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiya və yüksək hərarət yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd oluna bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur”.