Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb

Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb

İki gün davam edən Antalya Diplomatiya Forumu səmərəli müzakirələrlə işini başa çatdırıb. Forum dünya ictimaiyyətini narahat edən, düşündürən məsələlərin müzakirə məkanına çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumunun yekununa həsr etdiyi mətbuat konfransında ifadə edib.

Beynəlxalq müzakirə platforması olaraq Antalya Diplomatiya Forumunun təqdim etdiyi yeniliklərə toxunan Mövlud Çavuşoğlu jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forumun rəsmi açılışındakı çıxışında “Antalya Diplomatiya Forumu ölkəmizin sağlam məqsədlərini və səmimiyyətini ortaya qoyan beynəlxalq platformadır” ifadəsi ilə tədbirin əhəmiyyətini vurğulamışdı. Forumda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər”, “Virtual dünyada saxta xəbərlər”, “İş dünyası və iqtisadiyyat diplomatiyası”, “Dəyişən terrorizm təhdidləri”, “Enerji: Bizi hansı gələcək gözləyir”, “Qonşuların ortaq baxışı: Avropanın gələcəyi”, “Regional təşkilatların təsiri necə arta bilir”, “Yeni bir dünya üçün yeni bir diplomatiya” mövzuları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Forum çərçivəsində keçirilən panellərdə çıxış edib, mövzularla bağlı ölkəmizin mövqeyini çatdırıblar. Panel müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünün bərpası, dövlətimizin mehriban qonşuluq və səmimi əməkdaşlıq siyasəti, 44 günlük Vətən müharibəsindən rəşadətli Qələbə qazanan ölkəmizin təklif etdiyi yeni inkişaf strategiyası, region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, sülh, sabitlik və inkişafı nəzərdə tutan layihələri, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması və dəqiq məlumatları əldə etmək məsələlərində informasiya təhlükəsizliyinə dair dəyişməz mövqeyimiz iştirakçılara çatdırılıb.

Bundan başqa, nazir Ceyhun Bayramov Forum çərçivəsində ayrı-ayrı ölkələrdən olan həmkarları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri ilə görüşlər keçirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya