Rəisinin prezident seçilməsindən ABŞ və Qərbin narazı qalacağı bəllidir - Politoloq 

Rəisinin prezident seçilməsindən ABŞ və Qərbin narazı qalacağı bəllidir - Politoloq 

"İran çətin ki, ABŞ-la nüvə razılaşmasına getsin. Bu da nəticədə ABŞ və Qərbin İrana yeni iqtisadi sanksiyalar etməsinə gətirib çıxaracaq"İranda prezident seçkisi başa çatdı. Qalib isə seçkidə mühafizəkar qanadın namizədi İbrahim Rəisi oldu. İran Seçki Qərargahının rəhbəri Camal Orf İbrahim Rəisinin səsvermədə iştirak edən 28,6 milyon seçicidən 17,8 milyonunun səsini aldığını açıqlayıb.
Rəisinin seçkilərdə qələbə çalacağı gözlənilsə də onun 28,6 milyon seçicidən 17,8 milyonunun səsini alması sonradan namizədlikərini geri çəkən Əlirza Zakani və Səid Cəlili ilə əlaqədardır. Məsələ ondadır ki, seçkidə 7 namizəd qeydə alınsa da daha sonra onlardan 3-ü Əlirza Zakani, Səid Cəlili və Möhsün Mehrəlizadə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürdüyünü elan etmişdilər. Hər ikisinin tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırması sonda Rəisinin qələbəsini daha da pərkimləmiş oldu.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Rəisi İrandakı mövcud rejimə sadiq bir şəxsdir.

Analitikin sözlərinə görə, milliyyətcə fars olması və mühafizəkarlığın pik həddə olduğu Məşhəd şəhərində anadan olması onun prezidentlik dövründə nələr edəcəyini az-çox təxmin etməyimizə səbəb olur:
"Rəisinin rəhbərliyində İranın Ruhani dövründən fərqli olacağını düşünmürəm. Xüsusilə də onun İrandakı mövcud teokratik rejimə sadiq olması rejimin öz mövqelərini daha da möhkəmlətməsinə səbəb olacaq. Düzdür, islahatçılardan kiminsə hakimiyyətə gəlməsi də mövcud rejimə təsir etməyəcəkdi. Çünki İran siyasi sistemində prezidentliyə namizədi Konstitusiya Himayəçiləri Şurası (KHŞ) təsdiqləyir. Şuranın üzvlərini isə İranın ali dini lideri təyin edir. Yəni əslində prezidenti seçən İranın ali dini lideridir".
Ekspertə görə, Rəisi dövründə İran xarici siyasəti əsasən belə olacaq:
"Birincisi, Rəisinin prezident seçilməsindən ABŞ və Qərbin narazı qalacağı bəllidir. Çünki rəsmi Vaşinqton ümid edirdi ki, islahatçı qanadın bir namizədi seçkilərdə qələbə qazanacaq və İranla nüvə razılaşması başda olmaqla, bəzi prioritet məsələlər ətrafında razılığa gəlinəcək. Lakin Rəisinin mühafizəkar qanaddan olması və mövcud rejimin maraqları çərçivəsində hərəkət etməsi ABŞ-İran, dolayı yolla Qərb-İran münasibətlərində gərginliyin davam edəcəyini göstərir. İran çətin ki, ABŞ-la nüvə razılaşmasına getsin. Bu da nəticədə ABŞ və Qərbin İrana yeni iqtisadi sanksiyalar etməsinə gətirib çıxaracaq. Bundan əlavə, fars körfəzində də yenə ABŞ-İran hərbi donamasının sürtüşməsinin şahidi ola bilərik. İkincisi, Rəisinin dövründə İranın Yaxın Şərq siyasətində yenidən aktivlik müşahidə edilə bilər. İrannın bir müddətdir sangiyən “Şiə Hilalı” siyasəti Rəsisi ilə birlikdə yenidən aktivləşə bilər. Hətta bu istiqamətdə Tehranın İraq, Livan, Suriya, Yəmən və Fələstində maliyyələşdirdiyi şiə ideologiyalı radikal qruplaşmalar yenidən aktivləşə bilər. Fələstin mövzusu yenə əsas prioritet olaraq qalacaq. Yəni yaxın növbəti bir İsrail-Fələstin gərginliyinin şahidi ola bilərik. İsrailin yeni Baş naziri Naftali Bennet ilə İbrahim Rəisininin bu məslədə necə bir addım atacağını isə hər halda qarşıdakı zaman göstərəcək".
T.Rzayev Rəisi dövründə İranın maliyyə baxımından Çindən daha da asılı hala gələcəyini düşünür:
"Rəsmi Pekin onsuz da region ölkələrinə böyük miqdarda investisiya yatırır. Əvəzində isə bu ölkələrin tədricən xarici siyasətində söz sahibi olur. Bənzər proses uzun müddətdir Rusiya ilə də gedir. Bu mənada Rəisi dövründə Çinin İrana investisiya yatırımı davam edəcək və İran bunu ehtimal ki, iki sahəyə - Uranın zənginləşdirilməsi və silahlanmaya xərcləyəcək. Beləcə rəsmi Pekin Qərb ilə arasında Rusiya kimi İran səddini də qoruyub saxlaya biləcək. Digər tərəfdən, İranın ən azından hərbi müstəvidə güclənməsi Çinin maraqlarına uyğundur. Çünki bu zaman Vaşinqtonun diqqəti Pekindən öncə İrana yönələcək. Bu isə iqtisadiyyatını və ordusunu gücləndirən Çin üçün bir qədər də vaxt udmaq mənasına gəlir. Rəisinin xarici siyasətində ən maraq doğuran sual bəlkə də onun Azərbaycan-Türkiyə və bütövlükdə Qafqaz siyasətinin necə olacağıdır. Mahiyyət etibarilə Ankara və Bakı İrana qarşı öz mövqeyini açıqca bəyan edib. Lakin görünən odur ki, rəsmi Tehran Türkiyə və Azərbaycan arasında imzalanan tarixi Şuşa bəyanatından heç də razı deyil. Bunun bariz sübutu isə Azərbaycanla sərhəddə - dağın ətəyində İran inqilabının rəhbəri islam inqilabının lideri Ayətullah Xomeyninin böyük portretinin yerləşdirilməsidir. Bu faktiki olarak rəsmi Tehranın şimalda baş verən prosesdən narazı olduğunu göstərir. Azərbaycanla münasibətlərə də həmişəki kimi həmin üst qurumlar yön verəcək".