Bütün koronavirus qadağanlarını qaldıran Britaniyada kritik durum

Bütün koronavirus qadağanlarını qaldıran Britaniyada kritik durum

Britaniyada iyulun 21-də Amerikanı çıxmaq şərtilə dünyanın bütün qalan ölkələrindən daha çox koronavirus yoluxması qeydə alınıb.

The Evening Standard qəzetinin yazdığına görə, Britaniya artıq bir neçə vaxt idi ki, yoluxmaların sayına görə qlobal liderliyə yaxınlaşırdı. Son həftələr ərzində Britaniyada yoluxmaların sıçrayışlı artımı qeydə alınıb. Bu ölkəni vuran sayca üçüncü yoluxma dalğasıdır.

Son 24 saat ərzində Britaniyada 44 min 104 yeni yoluxma qeydə alınıb. Bu, son günlərdə yoluxmalarla çarpışan İndoneziya, Braziliya, Rusiya və İspaniyada olduğundan çoxdur.

Bu arada bütün qadağanları qaldırmaq barədə qərar qəbul etmiş baş nazir Boris Conson getdikcə artan və kəskinləşən tənqidlərlə üzləşir. Müxalif Leyborist Partiyasının lideri lord Keyr Starmer hökumət nazirlərinin qadağanların qaldırılmasına verdikləri qarışıq mesajlara diqqət çəkib.

Lord Keyr deyib ki, Britaniyanı əsl “yay xaosu” gözləyir. O bildirib ki, kütləvi istirahət yerlərində vaksin olunanlarla peyvənd olunmayanlar bir-birinə qarışıb. Vəziyyətlə bağlı bir sıra ölkələr Britaniya turistlərinin gəlişinə qadağan qoymağı götür-qoy edirlər.

Xorvatiya iyulun 21-də bildirib ki, Britaniyadan, habelə Rusiya və Kiprdən gələnlərdən COVID-19 testinin mənfi cavabını təsdiqləyən arayışlar tələb olunacaq.

Hazırda yoluxma sayına görə birincilik Birləşmiş Ştatlara məxsusdur. Bu ölkədə yanvarın 8-də yoluxmalar günə 300 mini keçmişdi. Lakin ABŞ uğurlu vaksin kampaniyası ilə iyulun 4-dək yoluxmaları 3491-ə endirə bilmişdi. Amma indi Birləşmiş Ştatlar yoluxmaların 4-cü dalğası ilə üz-üzədir. İyulun 20-də yoluxmalar günə 61 min 965-ə çatıb.

Amerikada yoluxmaların 83 faizi koronavirusun yeni Delta mutasiyasının payına düşür. Virusun bu ştammı daha böyük yoluxuculuq qabiliyyətinə malikdir.

Yoluxmaların sayına görə indi Britaniyadan sonra Hindistan gəlir. Bu ölkədə iyulun 21-də günə 42 mindən çox yoluxma qeydə alınıb. Hindistanda bir gün ərzində COVID-19-dan ölənlərin sayı 4 mini keçib.

Bəzi təhlilçilər bildirirlər ki, Hindistanın apardığı statistikada rəqəmlər bilərkdən azaldıla bilər. Bu ölkədə koronavirusa indiyədək 31 milyon nəfər yoluxub, 418 min 480 ölüm qeydə alınıb.

Vaşinqtonda mənzillənmiş Qlobal İnkişaf Mərkəzinin təxminlərinə görə indiyədək Hindistanda virusdan ölənlərin sayı 5 milyona yaxındır. Yoluxma cədvəlində növbəti pilləni İndoneziya tutur. İylun 21-də bu ölkədə günə 33 min 772 yoluxma qeydə alınıb. Pandemiyanın əvvəllərindən bəri isə yoluxanların sayı 3 milyona yaxınlaşıb.

İyulun 21-də İndoneziyada COVID-19-dan 1383 ölüm qeydə alınıb. Pandemiya dövründə vəfat edənlərin ümumi sayı isə 77 minə yaxındır. Bu arada Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, iyulun 21-də bütün dünyada 3.4 milyon yoluxma olub. Bu, bir həftə əvvəl olduğundan 12 faiz çoxdur.

Bununla belə DST bildirir ki, ölümlərin sayı bütün dünya üzrə azalır. Ötən həftə COVID-19-dan 57 min ölüm qeydə alınıb.

DST bildirib ki, indiki templərə baxılarsa, qarşıdan gələn üç həftədə dünyada 200 min yoluxma qeydə alına bilər. /Azadliq.org