Bitkini xarakterizə edən verilənlər sistemi işlənilir

Bitkini xarakterizə edən verilənlər sistemi işlənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında doktorant Ləman Həmidova “OLAP-dan istifadə etməklə bitkini xarakterizə edən verilənlər sisteminin ümumi struktur sxeminin işlənməsi” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. L.Həmidova OLAP (Online Analytical Processing) texnologiyası haqqında danışıb. O, OLAP texnologiyasının etnobotanika informasiya sistemində istifadəsinin əhəmiyyətindən söhbət açaraq, bunun biologiya sahəsində istifadə olunduğunu söyləyib. Qeyd edib ki, etnobotanika informasiya sistemi Azərbaycanın bir çox bölgələrində yayılıb. Bu sistem etnobotaniki xüsusiyyətləri tərkibində saxlayan bitkilər haqqında məlumat toplusudur.

O, bitkinin botaniki təsvirinin, adlandırılmasının, istifadə olunduğu sahələrin kimyəvi tərkibinin və s. onun etnobotanika informasiya sistemində istifadə olunan parametrlərinə aid olunduğunu diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev çıxış edərək, tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğulayıb: “Məqsədimiz praktiki informasiya sisteminin deyil, bitki ilə insan, botanika ilə cəmiyyət arasında formalaşan informasiya mühitinin nəzəri modelinin yaradılmasıdır”.