“Bayraktar TB3” 2022-ci ildə havaya qalxacaq

“Bayraktar TB3” 2022-ci ildə havaya qalxacaq

Türkiyədə keçirilən “Texnofest” aerokosmik texnologiyalar festivalı davam edir.

Bu gün festivalın təşkilat komitəsinin sədri Səlcuq Bayraktar “Take Off” platforması çərçivəsində təqdimatla çıxış edib.

O, PUA və pilotsuz hərbi təyyarələrin istehsalı ilə bağlı gələcək planlar barədə məlumat verib.

Festival təşkilatçısının sözlərinə görə, hazırda “Bayraktar TB3” və digər pilotsuz uçuş vasitələri, o cümlədən də hərbi təyyarələrin hazırlanması üzərində fəal iş aparılır. “Bayraktar” PUA-larının yeni nəslinin ilk uçuşunun 2022-ci ildə həyata keçiriləcəyini bildirən Səlcuq Bayraktar onların bəzi xüsusiyyətlərini də açıqlayıb.

“Yeni PUA TB2-dən bir az böyük, “Akıncı”dan bir qədər kiçik olacaq. O, aviadaşıyıcı gəmilərə eniş edə biləcək. Bu yeni PUA-mızın başlıca özəlliyi olacaq. Hazırda bu silahın dünyada bənzəri yoxdur. Həmçinin, analoqu olmayan pilotsuz hərbi təyyarələrimiz də dünyadakı qüvvələr nisbətini dəyişəcək”, -deyə Bayraktar bəyan edib.

Qeyd edək ki, “Texnofest” öz işini sentyabrın 27-dək davam etdirəcək.

Mənbə: “Anadolu”