Masallıda “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilovla görüş olub

Masallıda “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilovla görüş olub

Masallı, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər 4 nömrəli tam orta məktəbdə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan “Çempionumuz” sosial idman layihəsi çərçivəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov ilə məktəblilərin görüşü keçirilib.

Görüşdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, rayon təhsil şöbəsinin məsul işçiləri, XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Vəli İsrafilov və məktəblilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov Vəli İsrafilovu qazandığı böyük uğur münasibətilə təbrik edərək ona yeni-yeni qələbə sevincləri arzulayıblar.

Ən gənc Paralimpiya çempionu kimi ölkənin tarixinə düşən 19 yaşlı, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəli İsrafilov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.