Paşinyan hər şeyə HAZIRDIR: Nikol, demarkasiya prosesi üçün əlverişli şərait yaradacaq

Paşinyan hər şeyə HAZIRDIR: Nikol, demarkasiya prosesi üçün əlverişli şərait yaradacaq

"Paşinyan hakimiyyəti ölkəni blokadadan çıxarmaq üçün "hər şeyə hazırıq" mesajı verir".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Paşinyanın 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı üç fikri diqqət çəkdi. Həmin fikirlərdən də biri o idi ki, Nikolun iddiasına görə, Azərbaycan Ordusunun Zod (Kəlbəcər-Söyüdlü)-Xəzinəvar (Gorusun kəndi) hissəsindən çıxarılması demarkasiya prosesi üçün əlverişli şərait yaradacaq.

"Bu fikir Azərbaycanın toqquşmaların baş verdiyi Kəlbəcər istiqamətində Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etdiyini deməyə əsas verir.

İkincisi, Nikol sərhəddəki ordunu sərhəd qoşunları ilə əvəzləməkdən danışır. Bu plan Ermənistanın 2021-2025-ci il dövlət proqramında əksini tapıb. Plana görə, Ermənistanın yeni müdafiə strategiyası əsasən sərhəd qoşunlarının təkmilləşdirilməsi üzərində qurulur. Bu, İrəvanda mövcud hakimiyyətin postmüharibə dövrünə hazırlığıdır. Üçüncüsü odur ki, Nikol çıxışında "regionda yeni dövrün başladığını, düşmənçilik atmosferindən çıxmağın vacibliyini" vurğulayıb və bəyan edib ki, "Ermənistanın niyyəti yeni ərazilər tutmaq deyil". Bu fikirlər həm də Ermənistanın Qarabağ iddiasını tədricən arxa plana keçirməsidir".

Asif Nərimanlı onu da qeyd etdi ki, Paşinyanın təhlükəsizlik prioritetinin sərhədin mühafizəsi olduğunu açıqlaması da buna hesablanıb. Hərçənd, burada İrəvan Qarabağdakı erməniləri Rusiyanın qucağına itələmək və yükü Moskvanın üzərinə qoymaq niyyəti də məlumdur.

Gülbəniz Hüseynli / METBUAT.AZ