Deputat: “Ermənistan problemlərin həllinə mane olursa, görünür, “dəmir yumruq” yenidən işə salınmalıdır”

Deputat: “Ermənistan problemlərin həllinə mane olursa, görünür, “dəmir yumruq” yenidən işə salınmalıdır”

“Hesab edirdik ki, Ermənistan sərhəddə baş verən son hadisələrdən sonra Azərbaycan əleyhinə bu cür bəyanatlar səsləndirməz. Yəni, belə ağır vəziyyətdə Nikol Paşinyan fərqli mövqe nümayiş etdirməli idi. Görünür, növbəti “dəmir yumruğ”a ehtiyac var, çünki ermənilər vəziyyəti dərk edə bilmirlər. Belə olan halda, bizim Brüssel və Soçi görüşlərindən gözləntilərimizin nə olmasından asılı olmayaq, görüşlər mütləq baş tutmalıdır. Müharibə bitib və yeni mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə danışıqlar yolu ilə mövqeyimizi bildirib yekun nəticəyə gəlməliyik”.

Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Azərbaycan əleyhinə çıxışları barədə danışarkən deyib.

Parlament üzvü bildirib ki, Brüssel və Soçi kimi görüşlərin əhmiyyəti böyükdür: “Doğrudur, Brüssel görüşündən gözləntilərimiz bir o qədər də çox deyil, lakin Avropanın Azərbaycanın mövqeyini bir daha bilməsi yaxşı olardı. Nəzərə almaq lazımdır ki, ötən ilin noyabrın 10-da imzalanan bəyanatın bir neçə bəndi hələ də icra olunmayıb. Misal üçün, Zəngəzur dəhlizinin açılması, Qarabağda fəaliyyət göstərən erməni silahlı dəstələrinin tərksilah edilməsi və s. Azərbaycan planlaşdırılan görüşlərdə həmin problemləri dilə gətirəcək və mövqeyini bir daha ortaya qoyacaq. Soçi görüşündən isə gözləntilər daha çoxdur, çünki vasitəçilik edən Rusiya özü də Zəngəzur dəhlizinin açılmasında, regionda ümumi vəziyyətin normallaşmasında maraqlıdır. Hesab edirəm ki, bu görüşdə Ermənistanın qarşısında bir sıra mühüm məsələlər qaldırılacaq və ola bilər ki, Ermənistan bu problemlərin həlli üçün məcbur ediləcək. Ümumiyyətlə, Ermənistan siyasətini dəyişməlidir”.

C.Məmmədov, həmçinin qeyd edib ki, Ermənistanın təxribatlara davam edəcəyi, müxtəlif üsullarla Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin müəyyənləşdirilməsinə süni əngəllər yaradacağı təqdirdə, Azərbaycanın müharibəyə başlamağa tam haqqı çatır: “Biz 2020-ci ilin 10 noyabr bəyanatına əsasən müharibəni dayandırıb problemləri danışıqlar yolu ilə həll etməyə razılaşmışıq. Ermənistan bilərəkdən problemlərin həllinə mane olursa, görünür, “dəmir yumruq” yenidən işə salınmalıdır. Yəni, növbəti müharibənin başlanmasında məsuliyyəti Ermənistan daşıyacaq”.

Nəzrin Cavid