Tələbələrin istehsalat təcrübəsi uğurla davam edir

Tələbələrin istehsalat təcrübəsi uğurla davam edir

“Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər.

Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, istehsalat təcrübəsi dekabrın 30-dək davam edəcək. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirməkdən, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan və təsdiq olunan tədris proqramlarında xidmətin təcrübəli əməkdaşları tərəfindən tələbələr miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi mövzuları diqqətə çatdırılır. Bununla yanaşı, miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin predmetləri, sərhəd buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti, miqrasiya sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və innovativ yeniliklər, həmçinin bu proseslərinin həyata keçirilməsində informasiya təminatının rolu barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı da təmin olunur.

Vətəndaşlıq məsələlərinə baxılması, miqrasiya sahəsində uçot sisteminin tətbiqi və monitorinqin həyata keçirilməsi mövzularında da tələbələrə geniş məlumatlar verilir.

Dərslər daha çox slayd və vidoeçarxlarla tədris olunur ki, bu da təcrübə müddətində dərslərin vizual olaraq, effektiv və keyfiyyətli formada öyrənilməsi baxımından vacib əhəmiyyətə malikdir.

Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə də tanış edilir və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə sahib olurlar.

Təcrübə müddətində tələbələrin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanışlığı həyata keçirilib, xidmət əməkdaşları tərəfindən mərkəzin iş prinsipi barədə ətraflı məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciəti təmin edilib.

İstehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək.