Azərbaycanlı alimlərin beynəlxalq konfransda məruzələri dinlənilib

Azərbaycanlı alimlərin beynəlxalq konfransda məruzələri dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun 1 saylı laboratoriyasının əməkdaşları Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Nalçik şəhərində keçirilən “Qeyri-lokal sərhəd məsələləri və riyazi biologiya, informatika və fizikanın əlaqəli problemləri” adlı VI beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirin proqramına institut əməkdaşlarının 1 plenar və 4 seksiya məruzəsi daxil edilib.

Konfransda AMEA-nın müxbir üzvü Kamil Aydazadə plenar məruzə edib, sonra “Diferensial tənliklər üçün sərhəd məsələləri” seksiyasında dosent Anar Rəhimov və elmi işçi Vüqar Həşimov, “Qeyri-lokal fiziki, bioloji və sosial-iqtisadi proseslərin riyazi modelləşdirilməsi” seksiyasında isə professor Vaqif Abdullayev və dosent Yeganə Əşrəfova məruzə ilə çıxış ediblər.

Beynəlxalq tədbirə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Hindistan, Qazaxıstan və s. ölkələrdən alimlər qatılıblar.