Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyi ilə birgə qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Azadə Novruzova, şairə Güllü Eldar Tomarlı, Abşeron Binə Peşə Liseyinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə sənətkarın həyat və yaradıcılığı haqqında söhbət açılıb. Bildirilib ki, xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət, qayğı, zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunub, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilib. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi” i açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Vurğulanıb ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tarixdir.

Tədbirdə Aşıq Ələsgər yaradıcılığına müraciət edilib, şeirləri səsləndirilib.