Parlamentdə “yiyəsiz” qalan YERLƏR: “Qanuna görə Milli Məclisdəki 6 boş yerə seçki keçirilməlidir” – REAKSİYA

Parlamentdə “yiyəsiz” qalan YERLƏR: “Qanuna görə Milli Məclisdəki 6 boş yerə seçki keçirilməlidir” – REAKSİYA

“Parlamentdə 5-6 boş yer var ki, ora seçkilər keçirilməlidir”.

Bunu Milli Məclisdə boş qalan yerlərə seçki keçirilməməsinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, boş qalan yerlərə ədalətli və demokratik seçkilərin keçirilməsi Azərbaycanın imici üçün də yaxşı olardı:

“Azərbaycan Konstitutsiyasına görə Milli Məclisdə 125 deputat olmalıdır. Parlamentdə 5 nəfər yoxdur, bir nəfərin işi də məhkəmədədir, böyük ehtimalla onun da deputat səlahiyyətinə xitam veriləcək. Hazırda Milli Məclisdə 6 boş yer var. Qanuna görə altı boş yerə seçki keçirilməlidir. Əvvəl pandemiya tüğyan edirdi, başa düşdük, sonra müharibə şəraiti oldu, bunu da anladıq. Düşünürəm ki, indiki halda 5-6 yerə seçki keçirmək elə də problem olmamalıdır.

İkinci tərəfdən də, dairələrdə seçkilər tam demokratik, şəffaf keçirilməlidir. Bunun Azərbaycanın beynəlxalq imicinə çox müsbət təsiri ola bilər. Təəssüflər olsun ki, seçki ilə bağlı söz-söhbət belə yoxdur. Seçki keçirmək hakimiyyətə sərf etmir. Bir ara növbədənkənar parlament seçkiləri müzakirə olundu. Hesab edirəm ki, hakimiyyətə növbədənkənar parlament seçkiləri sərf etmir. Sakit, fağır adamları parlamentə təyin ediblər, orada oturublar.

Ölkədə prezident seçkiləri 2025-ci ilin aprelindədir. Parlament seçkiləri 2025-ci ilin fevralına düşür. 2024-cü ilin dekabrında isə bələdiyyə seçkilərinin vaxtıdır. Proqnozuma görə, 2024-cü ilin yazında, yayında parlament seçkiləri keçirilə bilər”.

Səxavət Məmməd