“Nümayəndəlik mənlə birgə cəmi 10 nəfərdən ibarətdir” — Emin Hüseynov

“Nümayəndəlik mənlə birgə cəmi 10 nəfərdən ibarətdir” — Emin Hüseynov

"Bu gün Azərbaycanda bərpa prosesinə tətbiq olunan yanaşma özü də bir innovasiyadır. Bunu hətta bizim kimi oxşar problemləri olan digər ölkələr də görür və bizdən bu təcrübəni öyrənməyə çalışır".

"Qafqazinfo" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində ölkədə xüsusi nümayəndəlik institutunun yaradılmasının əhəmiyyətindən danışarkən deyib.

O qeyd edib ki, Azərbaycan müxtəlif meqalayihələr həyata keçirib: "Biz də buna spesifik bir layihə kimi, baxa bilərdik. Burada müəyyən tikinti layihələri həyata keçirə bilərdik. Ancaq cənab Prezidentin müdrik siyasəti nəticəsində elmi əsaslandırılmış bir yanaşma tətbiq olundu. Ümumiyyətlə yeni idarəetmə sistemi formalaşdı. Əlaqələndirmə qərargahı yara­dıldı. Əlaqələndirmə qərargahı Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli fərmanına əsasən yaradılıb. Əlaqələndirmə qərargahının rəhbəri Prezident Ad­minstrasiyasının rəhbəri hörmətli Samir Nuriyevdir. Qərargahın tərkibində idarələrarası mərkəz yaradılıb.

İdarələrarası mərkəzə demək olar ki, bütün icra hakimiyyəti orqanlarının idarələri daxildir. Bu mərkəzin daxilində 10-dan çox müxtəlif tematik mövzularda işçi qrupları ya­radılmışdır. Bu işçi qruplarda işləyən həmin icra hakimiyyəti orqanlarının nümayəndələri həm müvafiq səlahiyyətlərə malikdir, həm də qərarların sürətli, operativ şəkildə qəbul edilməsinə, yerlərdə icrasına köməklik göstərirlər. Bu mexanizm onu göstərir ki, azad edilmiş torpaqlarımızda işlər düzgün şəkildə əlaqələndirilməli, xalq ifadəsi ilə desək, “yüz ölçü­lüb, bir biçilməli” və elmi əsaslar tətbiq olunmaqla kollegial şəkildə qərarlar qəbul olunmalıdır. Yəni burada ən nümunəvi proseslər aparılmalı, ən qabaqcıl texnolo­giyalar tətbiq olunmalı, bir sözlə, Azərbaycan dövlətinin nəyə qadir olduğu göstərilməlidir".

Emin Hüseynovun sözlərinə görə, xüsusi nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir: "Eyni zamanda, bizim ko­mandamız çox kompakt və çevik idarəetmə metodlarına əsaslanan iş həyata keçirir. Nümayəndəlik mən daxil olmaqla cəmi 10 nəfərdən ibarətdir. Biz dünyanın əsas inkişaf etmiş ölkələrində də tətbiq olunan “Agile menegment” yəni çevik idarəetmə üsullarını tətbiq etməklə burada bütün işlərin əlaqələndirilməsini təmin etməyə çalışırıq. Hesab edirəm ki, bu insti­tut yeni mexanizmdir və qarşıya qoyulan hədəflərə çatmaqda etimadı layiqincə doğruldacaq".