İran XİN başçısı Qərb ölkələrini sərt tənqid edib

İran XİN başçısı Qərb ölkələrini sərt tənqid edib

İndiyədək qarşı tərəfdən heç bir konstruktiv və işləri qabağa aparacaq bir təklif almamışıq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə telefon danışığında deyib.

Borrel müzakirə prosesi ilə bağlı İran XİN başçısına məlumat verib və Vyanada müzakirələrin davam etməsindən məmnunluğunu dilə gətirib.

Avropalı diplomat müzakirələri problemlə üzləşdirə biləcək mümkün məqamlardan danışıb və bütün tərəflərin əməkdaşlığı və səyi nəticəsində Vyana müzakirələrinin razılaşma ilə nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

C.Borrell təkidlə vurğulayıb ki, ABŞ və Avropanın 3 ölkəsi də müzakirələrdə inkişaf olmasının zəruriliyini anlayır.

Telefon danışığında İran XİN başçısı Hüseyn Əmir Abdullahian qeyd edib ki, İran həmişə Beynəlxalq Atom Enerji Təşkilatı ilə yaxından əməkdaşlıq edib və 3 Avropa ölkəsinin tutduğu mövqeyi və bəyanatları tənqid edib. "Mövcud müzakirələrdə Rusiya və Çinin tutduğu mövqe daha konstruktivdir. İranın təklif etdiyi və tutduğu mövqe Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindədir. Biz hamımız Vyanada müzakirə aparırıq ki, yaxşı nəticə əldə edək".

H.Əmir Abdullahian Qərb ölkələrinin Vyanada müzakirə masasında da verdikləri sözlərə əməl etmədiklərini tənqid edib və bildirib ki, biz indiyə qarşı tərəfdən heç bir konstruktiv və işləri qabağa aparacaq bir təklif almamışıq."Bu onların müzakirələrdə ciddi iştirak edəcəklərinə dair verdikləri vədələrin əksini göstərir. Ötən səkkiz il ərzində lazımi qədər söz danışıblar və əməlsiz vədlər veriblər, lakin bu gün artıq əməldə iş görmək günüdür və biz ciddi, yaxşı saziş əldə etmək üçün çalışırıq."