"Evində sözü keçməyən kişi efirdə başqasının arvadının üstünə qışqırır" - Etiraz

"Evində sözü keçməyən kişi efirdə başqasının arvadının üstünə qışqırır"  - Etiraz

Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır. İnsanlar şəxsi həyata aid sirrlərin efir vasitəsilə ictimailəşdirilməsinə yaxşı baxmırlar.

Başqa bir problem isə həmin verilişə ekspert qismində qatılan şəxslərlə bağlıdır. Şəxsi həyatını qaydaya sala bilməyən, karyerası boyunca uğur qazanmayan insanların başqalarına məsləhət verməsi təpki ilə qarşılanır.

Maraqlıdır, ailə həyatı qurmadığı, yaxud ailəsində uğursuzluğa düçar olduğu halda ailə dəyərlərindən danışan qadınları, sözü evində belə keçməyən, cəmiyyətə yararlılıq əmsalı sıfıra yaxın olan kişiləri efirlərə kim dəvət edir?

Onlar hansı haqla cəmiyyətə ağıl öyrədirlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva ailə-məişət mövzularının efirdə müzakirə edilməsinin əleyhinə olduğunu qeyd edib:

“Mən efirdə ailə sirlərinin müzakirə edilməsinə normal baxmıram. Bilirsiniz, cəmiyyət elədir ki, adətən hər şeyin pisini qəbul edir, yaxşını qəbul etdirmək çox çətindir. Ona görə də bu mövzuların efirə çıxarılmasını istəmirəm. Düzdür, bəzən deyirlər ki, ictimai qınaq lazımdır, amma düşünürəm ki, ictimai qınaq bu qədər qlobal şəkildə olmamalıdır. İctimai qınaq həmin şəxsin yaşadığı məhlədə, yaxud rayonda olmalıdır. Belə şeylər hər kəsin gözü önündə efir vasitəsilə o qədər göstərildi ki, hər şey dəyərini itirdi, artıq insanlar üçün adiləşdi. Artıq hər şey insanlara adi görsənir, əvvəllər belə deyildi. Sanki insanlar əyinlərindəki paltarları çıxarıblar, küçədə lüt gəzirlər. Belə bir vəziyyətdir, mən belə şeyə normal baxmıram”.

Aktrisa ailədəki problemlərin evdən kənara çıxmasının düzgün olmadığını vurğulayıb:

“Bəzi yardım, xeyriyyə məqsədi daşıyan verilişlər var, xəstələrə, evsiz insanlara kömək edirlər. Bu mövzulu proqramlar çox yaxşıdır. Amma ailə, məişət məsələlərini efirə çıxarmaq düzgün deyil, ortadan pərdə götürülür. Kimsə utanmır, çəkinmir, nə istəyir edir. Əvvəl bir hərəkət edəndə beş dəfə düşünürdün ki, “Görəsən, qonşular haqqımda nə düşünər, nə deyər”, lakin indi heç kəsin vecinə deyil, hər şey adiləşib, aradan pərdə götürülüb. Hər şeyi açıb-ağartmaq olmaz. Ailə elə bir yerdir ki, məhrəmiyyət olmalıdır, onda belə çıxır ki, gedib küçədə yaşasınlar, hər şeyi küçədə etsinlər, onsuz heç nə ayıb deyil... Bəs ev, ocaq, dörd divar necə olacaq? Bir misal var, deyirlər sirrini dörd divar arasından bayıra çıxarma. Amma indi hər şey küçədədir”.

Uzun illər ölkənin ən reytinqli verilişlərində ekspert kimi fəaliyyət göstərən jurnalist Seymur Verdizadə bildirib ki, problem müxtəlif səbəblərdən qaynaqlanır. Onun sözlərinə görə, Azərbaycan teleməkanının qapıları savadlı və ağıllı insanların üzünə bağlı olduğu üçün təsadüfi adamlar asanlıqla efirə yol tapa bilirlər:

“Hər gün efirə çıxmaq, bəzən məzmun və ictimai əhəmiyyət kəsb etməyən məsələlərə münasibət bildirmək üçün insana çox vaxt lazımdır. Ağıllı, işgüzar adamların vaxtla bağlı ciddi problemləri var. Əgər bir insan gündə 3-4 saat efirdə olursa, deməli, məşğul olduğu vacib bir sahə yoxdur. Hər gün qayınana-gəlin münasibətlərindən danışmaq üçün boş-bekar olmaq lazımdır. Aydın məsələdir ki, əlində işi, ciddi kariyerası olmayan adamların mülahizələri də bəsit olur”.

Jurnalist təəssüflə qeyd edib ki, Azərbaycanda ekspert qıtlığı yaşanır:

“Xalqın içinə çıxmağa üzü, deməyə sözü olmayan bəzi adamlar hər gün “evlərimizə” soxulur. Əvvəllər də demişəm, ömründə bir dəfə həyat yoldaşının köynəyini ütüləməyən qadınlar efirdə 40 ilin arvadlarına ağıl öyrədirlər Ya da evdə, öz həyat yoldaşının yanında sözü keçməyən kişilər verilişdə başqalarının arvadına qışqırırlar. Azərbaycan teleməkanında vəziyyət bu qədər acınacaqlıdır. Buna görə də tamaşaçılar yerli telekanallardan üz döndəriblər. Onlar xarici telekanallara baxmağa üstünlük verirlər. Televiziyalara peşəkarlar rəhbərlik etmədikcə vəziyyət belə də qalacaq. Azərbaycan tamaşaçısının xarici telekanalların təsiri altında olması informasiya təhlükəsizliyimizi ciddi təhdid edir. Bu barədə yaxşı düşünmək lazımdır”.

Əsmətxanım