Azərbaycanlı tələbə Hindistanda beynəlxalq tədbirdə "Sarı gəlin" rəqsini ifa edib

Azərbaycanlı tələbə Hindistanda beynəlxalq tədbirdə "Sarı gəlin" rəqsini ifa edib

Hindistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Hindistan Mədəni Əlaqələr Şurası (ICCR) ölkə rəsmilərinin, diplomatların, yerli və xarici tələbələrin iştirakı ilə bu ölkənin müstəqilliyinin 75-ci ildönümünə və Beynəlxalq Tələbələr Gününə həsr olunmuş mədəni tədbir keçirib.

Azərbaycanın Hindistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Asiya və Afrikanın 23 ölkəsinin Hindistanda incəsənət sahəsində təhsil alan tələbələri öz rəngarəng milli geyimlərini, musiqilərini və rəqslərini təqdim ediblər. Şriram Bharatiya Kala Kendra İnstitutunda klassik Hindistan rəqsi üzrə təhsil alan birinci kurs magistr tələbəsi, həmvətənimiz Türkan Sadıqzadə milli rəqslərimiz olan “Sarı gəlin” və “Cəngi”ni ifa edib. Onun gözəl ifası, Azərbaycan musiqisinin, milli geyiminin və rəqsinin gözəlliyi izləyicilərin marağına səbəb olub, çıxışı alqışlarla qarşılanıb.

Bu cür tədbirlər Azərbaycan və Hindistan gəncləri arasında bir-birinin mədəni irsi və incəsənətinin öyrənilməsinə, davamlı dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Sözügedən tədbirdə yaxından iştirak edən Azərbaycanın Hindistandakı səfirliyi bu ölkədə təhsil alan gənclərimizə daim diqqət və qayğı göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin