Vidadi Muradov çayçısını şirkət direktoru qoyub, oğlunu müavin təyin edib

Vidadi Muradov çayçısını şirkət direktoru qoyub, oğlunu müavin təyin edib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça" ASC-nin sabiq sədri, ev dustaqlığında olarkən dünyasını dəyişən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Əvvəlcə "Azər-İlmə" MMC-nin direktoru işləyən Xəqani Talıbov ifadə verib. Məlum olub ki, o, direktor olana qədər şirkətdə çayçı işləyib: "Vidadi Muradov ilə qohum deyiləm, amma qohumdan yaxın idik. Hətta deyim ki, can-ciyər idik. Buna görə də mənə kömək etdi, direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir".

Dövlət ittihamçısı onun təhsil dərəcəsini və nəyə görə Vidadi Muradov oğlunu yox, onu direktor təyin etdiyini soruşub. Şahid bildirib ki, ali təhsili yoxdur: "Hər hansı universitet bitirməmişəm, orta təhsilliyəm. Dediyim kimi mərhumla can-ciyər idik, ona görə də məni direktor təyin etdi. Hazırda da orada direktor işləyirəm".

Daha sonra Vidadi Muradovun evində və müəssisələrində təmir işləri aparan şirkətin icraçı direktoru Yaşar Ələkbərov ifadə verib. O bildirib ki, təmir zamanı da 800 min manatdan artıq vəsait xərclənib: "2018-ci ildə "Azərxalça"nın inşaat işlərində iş aparmaq üçün təkliflərimizi verdik. Bununla bağlı tender də keçirilməmişdi. "Azərxalça" ilə müqaviləni mən bağlamışam. Bundan sonra 13 müəssisədə aparılan işlərdə icraçı direktor olmuşam. İstintaq zamanı verdiyim ifadəni də təsdiq edirəm. İş həcmində olan çatışmazlıqlarla da razı deyiləm".

Məhkəmədə prokuror şahidin ifadəsinə etiraz edərək hazırkı ifadəsi ilə əvvəlki ifadələri arasında ziddiyyətlər olduğunu deyib: "Deyirsiz ki, mənimsəmə olmayıb. Amma istintaqda yazmısız ki, Şabranda yerləşən şirkətlərin birinə iki nasos quraşdırılıb, amma faktiki olaraq orda nasoslar yoxdur".

Dövlət ittihamçısı şahidin istintaq zamanı "Vidadi Muradovun qanunsuz sifarişləri olurdu" ifadəsinə aydınlıq gətirməsini istəyib. Şahid bildirib ki, Vidadi Muradov ilə hər hansı pul bölünməsi olmayıb.

Daha sonra özəl şirkətlərdən birində drektoru işləyən Vüqar Yusifov ifadə verib. O bildirib ki, hazırda “Azərxalça” tərəfindən sifariş verilmiş 973 min manatlıq işin icrası davam etdirilir”.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb, noyabrın 5-də isə evində vəfat edib.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradovun digər oğlu Cavid Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

Amin Nəzərli