Azhar Azizan Harun: Azərbaycanla Malayziya arasında möhkəm siyasi münasibətlər iki ölkənin istənilən sahədə sıx əməkdaşlığına imkan verir VİDEO

Azhar Azizan Harun: Azərbaycanla Malayziya arasında möhkəm siyasi münasibətlər iki ölkənin istənilən sahədə sıx əməkdaşlığına imkan verir VİDEO

Azərbaycanla Malayziya arasında möhkəm siyasi münasibətlər iki ölkənin istənilən sahədə sıx əməkdaşlıq etməsinə imkan verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Azhar Azizan Harun Azərbaycanın bu ölkədəki səfiri İrfan Davudovla dekabrın 9-da keçirilən görüşündə deyib.

Spiker Azərbaycan səfirini ölkə parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib.

İ.Davudov Azərbaycanla Malayziya arasında qarşılıqlı etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə daha da inkişaf etdirilməsinin Prezident İlham Əliyevin diqqəti mərkəzində olduğunu vurğulayıb. Xidməti fəaliyyəti dövründə bu istiqamətdə Prezident tərəfindən verilən tapşırıqların yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin xüsusi rol oynadığını bildirən səfir hazırda Azərbaycanın Milli Məclisində və Malayziya Parlamentinin Nümayəndələr Palatasında parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Həmçinin iki ölkənin ali qanunverici orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İ.Davudov bu il noyabrın 12-də Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Malayziya Parlamenti Nümayəndələr Palatasındakı müvafiq qrupun üzvləri arasında onlayn formatda keçirilmiş görüşü bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

Sonra Azərbaycan diplomatı Milli Məclisin sədri Sahibə Qafarovanın Datuk Azhara ünvanlandığı dəvət məktubunu təqdim edib. Məktubda Azərbaycanla Malayziya, eləcə də iki ölkənin parlamentləri arasında əməkdaşlığın və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, Malayziya Nümayəndələr Palatasının sədri Azərbaycana rəsmi səfər dəvət olunub.

Səfir ötən il baş vermiş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət barədə spikerə məlumat verərək, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində malayziyalı investorların iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.

Öz növbəsində spiker dəvətə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünün çatdırılmasını xahiş edib və Azərbaycan xalqının qazandığı nailiyyətlərin davamlı olmasını arzulayıb.

Azərbaycanda cərəyan edən hadisələri yaxından izlədiklərini qeyd edən spiker ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən məmnunluq duyduğunu, regionda sülh və təhlükəsizliyin bərqərar olmasının burada yaşayan bütün xalqlar üçün inkişaf imkanı yaratdığını deyib. Pandemiya səbəbindən artıq uzun müddətdir xarici səfərlərə çıxmadığını qeyd edə Tan Sri Azhar Azizan Harun mümkün olduğu təqdirdə, gələn il Azərbaycana səfər etmək imkanını nəzərdən keçirəcəyini bildirib.

Spiker ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı istiqamətində səfirin fəaliyyətinə hər cür dəstək verməyə hazır olduğunu da deyib.

Görüşün sonunda səfir İ.Davudov Malayziya parlamentində fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına ürək sözlərini yazıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur