“Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etməkdir

“Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etməkdir

COVID-19-un “omikron” ştamı bu günə kimi meydana çıxan variantlar arasında ən çox mutasiyaya uğrayanıdır. Xüsusən də spayk proteinində otuz iki mutasiyanın olması müəyyən edilib ki, bu da həmin variantı kifayət qədər təhlükəli vəziyyətə gətirib. Əslində həmin variantdan qorxma səbəblərimizdən biri də mutasiyaların nələrə səbəb ola biləcəyini öncədən müəyyənləşdirə bilməməyimizdir. Lakin hazırda bu istiqamətdə ciddi işlər gedir. Hətta vaksinlərin mutasiyaya qarşı effektivliyi ilə bağlı çox mühüm işlər aparılır. Lazım olarsa, peyvəndlərin tərkibinin yenidən nəzərdən keçirilərək həmin ştama qarşı effektiv hala gətiriləcəyi də planlaşdırılır.

Virusun yeni variantı payız-qış aylarına təsadüf etdiyi üçün yuxarı tənəffüs yollarına məxsus simptomları olan bir çox vətəndaş bunu koronavirusla deyil, başqa viral xəstəliklərlə, soyuqdəymələrlə əlaqələndirir və test verməkdən yayınır. Pandemiya bitmədiyindən əlamətlər olduğu halda koronavirusdan da şübhələnməli, özümüzü təcrid etməli və yoluxub-yoluxmadığımızı müəyyənləşdirmək üçün test verməkdən çəkinməməliyik. Bu, həm özümüzün, həm də ətrafımızdakıların sağlamlığı, o cümlədən yoluxmanın qarşısının alınması üçün vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova deyib.

Həkim-infeksionistin sözlərinə görə, “omikron”la mübarizədə ən optimal yollardan biri əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etmək, kütləvi toplanma yerlərindən və zərərli vərdişlərdən uzaq durmaqdır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinə məsləhət görür ki, ehtiyac olmadıqda evdən çıxmasınlar. Virusun gedişatının necə olacağı hələ məlum olmadığından yaxın həftələr ərzində xüsusilə diqqətli olmalıyıq.

İnfeksionist diqqətə çatdırıb ki, indiyədək peyvənd olunmayanlar varsa, mütləq vaksinasiyadan keçməlidirlər. Əgər hər hansı bir vətəndaşın üçüncü doza vaksininin zamanı çatıbsa, mütləq “buster” dozanı qəbul etməlidir ki, immun sistemi xəstəliyin ağır gedişinə qarşı qoruyuculuğunu bir daha artırmış olsun.