"Gürcüstanda demokratiya ölüb!"

"Gürcüstanda demokratiya ölüb!"

Nərgiz Əliyeva meriya qarşısında Saakaşviliyə azadlıq tələb edib

Bələdiyyə Məclisinin iclasını etiraz edərək tərk edən Nərgiz Əliyeva, öz etirazını Meriya binası qarşısında da davam etdirib.

Paralel.az xəbər verir ki, Nərgiz Əliyeva üzərində "Mişaya Azadlıq" şüarı olan stikeri Meriya binasına yapışdırıb. Lakin Əliyevanın bu addımının tezliklə qarşısı alınıb və binaya yapışıdırılan stiker çox keçmədən mühafizə işçisi tərəfindən sökülüb.

Mediaya müsahibə verən N. Əliyeva ölkədə demokratiyanın olmadığını və Bələdiyyə Məclisinin üzvlərinin keçirilən saxta seçkilər nəticəsində seçildiklərini, buna görə də iclas zamanı Saakaşviliyə azadlıq tələb edib və iclası tərk etdiyini bildirib:

"Bu gün Gürcüstanda demokratiyanın, azad seçkilərin öldüyünü görürük. Bir neçə ay bundan əvvəl keçirilən saxta seçkilər vasitəsilə seçilmiş Bələdiyyə Məclisinin bu gün ikinci iclası keçirilirdi. İclas zamanı mən partiya adından Mixail Saakaşviliyə azadlıq tələbi ilə kiçik bir etiraz aksiyası həyata keçirdim. Əgər bugünki gün Gürcüstanda ədalət, haqq və demokratiya yoxdursa, onda hansı iclaslardan, hansı müzakirələrdən danışa bilərik? Bu gün Gürcüstanın üçüncü prezidenti, Gürcüstanın yaradıcısı, müasir Gürcüstanın qurucusu, böyük reformator, dünya şöhrətli siyasətçi Mixeil Saakaşvili həbsdədir. Bu da yetmirmiş kimi ona qarşı hər gün terror əməliyyatları həyata keçirilir və hədsiz dərəcədə psixoloji təsirlər göstərilir. Onun haqları tapdalanır və biz sona qədər onun azadlığını tələb edəcəyik",-deyə N. Əliyeva bildirib.

Xatırladaq ki, Nərgiz Əliyeva bu gün Marneuli Bələdiyyə Məclisinin iclası zamanı üzərində "Saakaşviliyə Azadıq" yazısı olan stikeri Bələdiyyə binasına yapışdıraraq iclası tərk edib.
Akif Nəsirli