Rəsul Quliyevin dönüşünə müxalifətdən reaksiya: "Yeni nəsil onu tanımır, köhnələr isə..."

Rəsul Quliyevin dönüşünə müxalifətdən reaksiya:  "Yeni nəsil onu tanımır, köhnələr isə..."

Hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin tezliklə Azərbaycana qayıdacağı ilə bağlı bəyanatı siyasi çevrələrdə müzakirəlrə səbəb olub. Müxalif düşərgənin bəzi təmsilçiləri R.Quliyevin dönüşünün bu çevrədə canlanmaya səbəb olacağını iddia edirlər.

Keçmiş spikerin Azərbaycana qayıdışı siyasi mühitdə canlanmaya, dəyişikliyə səbəb ola bilərmi?

Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, Rəsul Quliyevin sırf humanizm baxımından ölkəyə qayıtmalı olduğunu bildirib:

“Hər bir Azərbaycan vətəndaşının, Azərbaycanda doğulub boya-başa çatan şəxsin öz vətəninə qayıtmaq, yaxınları, doğmaları ilə birgə yaşamaq hüququ var. Rəsul Quliyev də 20 ildən çoxdur Azərbaycandan çıxıb və düşünürəm ki, sırf humanizm baxımından geri qayıtmalıdır.

Rəsul Quliyevin dönüşünün siyasi çevrədə xüsusi canlanma yaradacağına, xüsusi dəyişiklik olacağına isə inanmıram. Bu gün müasir texnologiyalar elə imkanlar verir ki, dünyanın harasında olursansa-ol iclaslarda videogörüntülü və ya səsli formatda iştirak etmək olur. Yəni Rəsul Quliyev xüsusi canlılığı oradan da yarada bilərdi. Eyni zamanda, nəzərə alaq ki, Rəsul Quliyev uzun illərdir siyasi arenadadır və köhnə nəslin ona qarşı müəyyən fikirləri formalaşıb. Yeni nəsil isə onu ümumiyyətlə tanımır”.

Tural Abbaslı Rəsul Quliyevin vətənə döndükdən sonra siyasi fəaliyyətlə məşğul olmasında heç bir problem olmadığını da qeyd edib:

“Rəsul Quliyev qayıdacaqsa, böyük ehtimal iqtidarla bir razılıq əldə olunacaq. Çünki iqtidar da özünün siyasi təhlükəsizliyini düşünür.

Bir sözlə, Rəsul Quliyevin qayıtmasının tərəfdarıyam. Bəzi fikirlər var ki, o, ölkəyə qayıtdıqdan sonra siyasi fəaliyyətlə məşğul olmayacaq və s. Bunun da əleyhinə deyiləm. Qoy qayıtsın və siyasi fəaliyyətlə məşğul olsun”.

Mehri QURBAN