Qazax rayonunda narkomaniyaya qarşı mübarizə məqsədilə məktəblilərlə maarifləndirmə işləri aparılıb

Qazax rayonunda narkomaniyaya qarşı mübarizə məqsədilə məktəblilərlə maarifləndirmə işləri aparılıb

Qazax rayonunun 1 saylı tam orta məktəbində “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında, mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də məktəblərin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.

Polis polkovniki erkən nikahın səbəblərindən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq hüquqları olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Daha sonra o, dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirlərindən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. Şöbə rəisi gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.