İstiqlal Muzeyində “Cəsurlar” adlı növbəti tədbir keçirilib - Fotolar

İstiqlal Muzeyində “Cəsurlar” adlı növbəti tədbir keçirilib - Fotolar

Dekabrın 9-da Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Cəsurlar” adlı növbəti tədbir – sərgi keçirilib.

Tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs etdilər . Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali baş komandan cənab İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında birləşərək xalqın dəstəyindən güc alan ordumuz 44 gün ərzində xalqı 30 il həsrətində olduğu torpaqlara qovuşdurdu.
Bildirilib ki, Vətən uğrunda verdiyi canı, axıtdığı qanı ilə tarix yazan şəhidlərimizin hər biri gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir.

Sonda tədbir iştirakçıları kapitan Türkay Hüseynli, baş leytenant Məmmədzadə İlkin, gizir Məmmədov Coşqun, əsgər Cəbiyev Qardaşağa, əsgər Tağıyev Əlinin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə məxsus nümayiş olunan 130-a yaxın fotoşəkillər və şəxsi əşyalar ilə tanış oldular.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Asan könüllülər, “1Könüllü” tələbələri və digər qonaqlar iştirak etdilər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi dekabrın 16-sına qədər davam edəcək.